Köçəryan: “İlham Əliyev deyəcək ki, bunu da sən etməlisən, get və necə istəyirsənsə et”

2026/05/1780126517.jpg
Oxunub: 318     23:27     12 İyun 2026    
“Ermənistan xalqı qarşıdakı dövrdə çox ciddi problemlərə hazırlaşmalıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokundan baş nazirliyə namizəd Robert Köçəryan jurnalistlərə açıqlamasında deyib.

Köçəryanın sözlərinə görə, ölkə hazırda bir inteqrasiya olunmuş iqtisadi sistemdən onu qəbul etməyə hazır olmayan başqa, qeyri-müəyyən sistemə keçməyə çalışır.

“Hətta Ukrayna nümunəsinə baxın. Məsələn, polyaklar hansı məhdudiyyətləri tətbiq etdilər. Onlar malların sərbəst hərəkətinə imkan vermirlər, bunu qadağan edirlər”, - deyə o bildirib.

Erməni siyasətçi vurğulayıb ki, Ermənistan ciddi turbulentlik dövrünə daxil olur və bu, davamlı iqtisadi problemlərlə müşayiət olunacaq.

“Bu turbulentlik Ermənistan xalqına çox baha başa gələcək. Mən düşünmürəm ki, Nikol Paşinyan bunu idarə edə biləcək. O, bunun öhdəsindən gəlmək üçün həddindən artıq kiçik fiqurdur. Nə belə biliyi, nə belə resursları, nə də təsir imkanları var. Seçkilər də göstərdi ki, artıq həmin təsir və resurslara malik deyil. İnsanları büdcə vəsaiti hesabına satın almısan. Sonra həmin vəsaitlər kəskin azalacaq və sən bu templə davam edə bilməyəcəksən. Daha sonra problemlərlə üzləşəcək və Avropa İttifaqına müraciət edib deyəcək ki, bir az da pul verin”, - deyə Köçəryan bildirib.

Onun fikrincə, bu halda Ukrayna Prezidenti Vladimir Zelenskinin hekayəsi iqtisadi müharibə formasında təkrarlana bilər.

“Bax, o, Ermənistan xalqını bu vəziyyətə salıb. Bu insan daim gərginlik və düşmənçilik yaratmağa ehtiyac duyur, sanki bu onun həyat mühiti və nəfəs aldığı havadır. O, belə səviyyədə turbulentliyi idarə edə bilməyəcək. Müxalifət isə təbii ki, bu fonda öz məqsədlərinə çatmaq üçün böyük imkanlar əldə edəcək. Vəziyyət kəskin şəkildə dəyişir”, - deyə erməni siyasətçi qeyd edib.

Köçəryan Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlarla bağlı Ermənistan hakimiyyətinin mövqeyinə də toxunub.

O bildirib ki, bu məsələ artıq Ermənistanın baş nazirindən çox Rusiyanın səbir həddindən asılıdır.

“Görünür ki, onların artıq səbri qalmayıb. Çünki açıq şəkildə görürlər ki, onun indiyədək etdiklərinin hamısı yalan, aldatma və vaxt udmağa hesablanmış addımlar idi, o cümlədən seçkilərlə bağlı. Bu məsələlər artıq ondan asılı deyil. O, bu böyük turbulentliyə müqavimət göstərə biləcək qədər böyük fiqur deyil”, - deyə Köçəryan vurğulayıb.

Ermənistanın ikinci prezidenti bildirib ki, təcrübəli kapitan fırtına zamanı gəmini açıq dənizə çıxarmır, əksinə daha sakit liman axtarır.

“Paşinyan isə bunun tam əksini etdi. İndi nə edəcək? Eyni siyasəti davam etdirəcək. Rusiyada artıq açıq şəkildə deyirlər ki, biz sizin Avropa İttifaqına gedən yolunuzu maliyyələşdirməyəcəyik. Bu bizim dövlət maraqlarımıza uyğun deyil. Əgər sən rəqiblərimizin düşərgəsinə gedirsənsə, niyə biz bunu maliyyələşdirməliyik?”, - deyə o bildirib.

Köçəryanın sözlərinə görə, Paşinyanın qarşısında iki seçim var: ya kursunu dəyişib səhv etdiyini etiraf etmək, ya da əvvəlki siyasəti davam etdirmək.

“Əgər geri dönsə, avropalılar dərhal Gürcüstanda olduğu kimi ona qarşı müxtəlif ittihamlar səsləndirməyə başlayacaqlar. Əgər oyunu davam etdirmək istəsə, bunun üçün resursu artıq tükənib. O, bütün qütblərlə oynamaq imkanını itirib. Hazırda özü üçün tələ qurub və bu tələyə yalnız özünü deyil, bütün ölkəni salıb”, - deyə Köçəryan qeyd edib.

Erməni siyasətçi hesab edir ki, bu cür siyasət yürüdən ölkələr adətən uduzur.

“Hökumət odla oynayanda yanan xalq olur. Biz məhz bunu deyirdik. Rusiya ilə yaxşı münasibətlər saxlamaq, oradan gəlir əldə etmək və həmin vəsaiti Avropada, Dubayda və ya istənilən yerdə xərcləmək mümkündür. Niyə yalnız öz hakimiyyətini qorumaq üçün işləyən sistemi dağıdırsan? Əgər Ermənistan haqqında az da olsa düşünürdünsə, ya siyasətini dəyişməli, ya da müxalifətə keçməli idin”, - deyə o bildirib.

Köçəryan hesab edir ki, Paşinyan siyasətini dəyişməyəcək.

“Çünki ona başqa şey diktə olunur və özü də bunu istəyir. O elə münasibətlər sisteminə daxil olub ki, həmin münasibətlərin sahibi artıq özü deyil. Həm də o bizi Avropaya aparmır. Heç olmasa Avropaya aparsaydı. O bizi Türkiyəyə aparır. Bu, açıq-aşkardır. Ərdoğan onu təbrik edir”, - deyə erməni siyasətçi vurğulayıb.

Azərbaycanda seçki nəticələrinə verilən reaksiyalardan danışan Köçəryan bildirib ki, Azərbaycan mediasında açıq sevinc müşahidə olunur.

“Onlar hələ də anklavları alacaqlarına ümid edirlər. Konstitusiyanın dəyişəcəyinə inanırlar. Və bütün bunlar davam edəcək”, - deyə o qeyd edib.

Hakim qüvvənin konstitusion çoxluğa malik olmamasının Türkiyə və Azərbaycanın planlarına mane olub-olmayacağı barədə suala cavab verən Köçəryan onların gözləmək imkanına malik olduğunu bildirib.

“Onlar tələsməyə məcbur deyillər. İlham Əliyev deyəcək ki, bunu da sən etməlisən, get və necə istəyirsənsə et. Bu, bərabər tərəfdaşların deyil, ağa ilə xidmətçinin münasibətidir. Paşinyan müxalifətə təzyiqləri davam etdirməyə məcbur olacaq. Avropalılara isə deyəcək ki, başqa yolum yoxdur. Onlar da buna göz yumacaqlar. Dünya belə qurulub. Dünya sərtdir. Dünya haqqında romantik təsəvvürlər sadəcə yanlış təsəvvürlərdir. Ölkəni bu vəziyyətə salmaq olmazdı”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin