“Koluman Otomotiv Endüstri” “Eurosatory 2026” sərgisində məhsullarını nümayiş etdirəcək

2026/06/Ekran-1781286335.jpg
Oxunub: 246     21:43     12 İyun 2026    
“Koluman Otomotiv Endüstri” dünyanın aparıcı müdafiə və təhlükəsizlik sərgilərindən biri olan “Eurosatory 2026”-da iştirak edəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, sərgi 2026-cı il iyunun 15-dən 19-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.

Şirkət “Eurosatory 2026” çərçivəsində hərbi mobillik, logistik dəstək və müasir əməliyyat tələblərinə uyğun hazırladığı nəqliyyat vasitələrini nümayiş etdirəcək. “Koluman Otomotiv Endüstri” sərgi müddətində Salon 5-də yerləşən C470 nömrəli stenddə ziyarətçiləri qəbul edəcək.

Şirkət avtomobil və müdafiə sənayesi üçün innovativ layihələr və texnoloji həllər hazırlamaq məqsədilə yaratdığı “KolumanTech” strukturu vasitəsilə qabaqcıl texnologiyalar sahəsində fəaliyyətini davam etdirir.

Bu çərçivədə hazırlanmış DERMAN və KISRAK nəqliyyat vasitələri “Koluman”ın istehsal imkanlarını yeni nəsil müdafiə texnologiyaları ilə birləşdirmək yanaşmasını nümayiş etdirir.

“KolumanTech” vasitəsilə texnologiyayönümlü həllər üzərində işləməyə davam edən şirkət hərbi və logistik istifadəçilərin dəyişən ehtiyaclarını qarşılamağı, həmçinin müdafiə və avtomobil sənayesində mövqeyini daha da gücləndirməyi hədəfləyir.

Qeyd edək ki, Avropanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan “Eurosatory 2026” “Paris-Nord Villepinte” sərgi kompleksində keçiriləcək.

Fransa Müdafiə Nazirliyi və COGES-in əməkdaşlığı ilə iki ildən bir təşkil edilən sərgi 1967-ci ildən etibarən müdafiə və təhlükəsizlik sektorunun ən mühüm beynəlxalq tədbirlərindən biri hesab olunur.

Quru platformaları, təhlükəsizlik texnologiyaları, logistik həllər və yeni nəsil müdafiə sistemlərinin nümayiş etdirildiyi sərgi dünyanın müxtəlif ölkələrindən sənaye nümayəndələrini, rəsmi heyətləri və peşəkar ziyarətçiləri bir araya gətirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koluman   Eurosatory   2026  


Bizi "telegram"da izləyin