“Petlas”ın A400M üçün hazırladığı təkər onun texnoloji imkanlarının yeni göstəricisi olub - VİDEO
Oxunub: 272
19:31
12 İyun 2026
Türkiyənin aparıcı təkər istehsalçılarından olan “Petlas” müdafiə sənayesində yerli istehsalın inkişafına töhfə verməyə davam edir.
Ordu.az xəbər verir ki, mülki və hərbi hava vasitələri, eləcə də bütün platformalar üçün təkərlərin məhsul sertifikatlaşdırılmasını həyata keçirən “Beynəlxalq Akkreditə Olunmuş Mərkəz” statusuna malik şirkət AR-GE və istehsal sahəsinə yatırımları ilə diqqət çəkir.
Pilotsuz uçuş aparatlarından zirehli quru platformalarına, döyüş təyyarələrindən fırlanan qanadlı hava vasitələrinə qədər geniş spektrdə Türkiyə müdafiə sənayesinin təkər ehtiyaclarını qarşılayan “Petlas” SAHA 2026 sərgisində növbəti mühüm aviasiya layihəsini ictimaiyyətə təqdim edib.
“Petlas”ın Dövlət Satışları və Tenderlər üzrə müdiri Ümit Bərbər şirkətin müdafiə sənayesi istiqamətindəki fəaliyyəti barədə danışarkən bildirib ki, ilk dəfə istehsalı və kvalifikasiya prosesi tamamlanan Airbus A400M ağır hərbi nəqliyyat təyyarəsinin əsas gövdə təkərləri sərgi iştirakçılarına nümayiş etdirilib.
Bərbər xatırladıb ki, şirkət daha əvvəl KAAN, HÜRJET, HÜRKUŞ, “Bayraktar Akıncı”, “Bayraktar Kızılelma”, “Bayraktar” TB2 və “Bayraktar” TB3 platformaları üçün burun və əsas eniş qurğusu təkərlərini hazırlayaraq seriyalı istehsala başlayıb.
O vurğulayıb ki, A400M layihəsi şirkət üçün xüsusi əhəmiyyət daşıyır.
“A400M ağır nəqliyyat təyyarəsi hazırda şirkət olaraq Türkiyədə istehsal etdiyimiz bu tonnajdakı ən böyük təkərə malik platformadır. Eyni zamanda bu layihə bizi daha yüksək sinif mülki aviasiya təkərlərinin istehsalı qabiliyyətinə daşıyacaq mühüm texnoloji istiqamətdir”, - deyə Bərbər bildirib.
Onun sözlərinə görə, təkərlər yüksək performans tələb edən şərtlərə uyğun hazırlanıb. Təyyarə təkərlərinin hər biri təxminən 12 ton yük daşıyır və ümumilikdə 140 ton ağırlığında olan təyyarənin eniş və qalxma əməliyyatlarında istifadə olunur.
Bərbər qeyd edib ki, A400M 240 knot sürətə qədər əməliyyat həyata keçirə bilir və belə ölçülü platforma üçün təkərin hazırlanması və kvalifikasiya olunması “Petlas”ın qlobal hərbi aviasiya standartlarına uyğun texnoloji səviyyəsini nümayiş etdirir.
Şirkətin akkreditə olunmuş sınaq mərkəzinin də mühüm üstünlüklər təqdim etdiyini bildirən Bərbər qeyd edib ki, A400M təkərlərinin sınaqdan keçirildiyi sistemlər 14,5 saniyə ərzində 640 km/saat sürətə çata və hər təkər üçün 80 ton yük altında test apara bilir.
“Petlas” əldə etdiyi təcrübəni mülki aviasiya sahəsinə də daşımağı planlaşdırır.
“Burada qazandığımız imkanlar sayəsində zavodumuzun mövcud strukturunu mülki hava vasitələrinin təkərlərini istehsal edə biləcək səviyyəyə çatdırmışıq. Məqsədimiz 2028-ci ildən etibarən Türkiyə reyestrində qeydiyyatda olan mülki hava vasitələrinin müəyyən gövdə tipləri üçün əsas və burun təkərlərini istehsal etmək, onları öz test mərkəzimizdə sınaqdan keçirərək istifadəyə verməkdir”, - deyə o bildirib.
Mütəxəssislərin fikrincə, “Petlas”ın hazırladığı A400M gövdə təkərləri şirkətin həm hərbi, həm də mülki aviasiya sektorunda böyümə hədəfləri baxımından mühüm mərhələ hesab olunur.