Dövlət Xidməti: "Dövlət informasiya resurslarına çoxsaylı kibertəhdidlərin qarşısı operativ alınıb"

2026/06/df12s-1780557544.jpg
Oxunub: 165     11:01     04 İyun 2026    
Yaxın perspektivdə kibertəhlükəsizliyə ən ciddi təsir göstərən faktor süni intellekt texnologiyalarının geniş tətbiqi olacaq.

Ordu.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunda bildirib.

O qeyd edib ki, eyni zamanda təhlükəsizlik üzrə sistemli və qabaqlayıcı yanaşma bir çox hallarda texnoloji inkişafın sürətindən geri qalır: "Dövlət Xidmətinin fəaliyyəti bu istiqamətdə konkret və ölçülə bilən nəticələrlə müşayiət olunur. Bu ilin I rübündə dövlət informasiya resurslarına qarşı yönəlmiş çoxsaylı kibertəhdidlərin qarşısı operativ şəkildə alınıb, zərərli trafik filtrasiya edilib, fişinq resursları və saxta domenlər zərərsizləşdirilib. Bu faktlar bir daha təsdiq edir ki, mövcud risklər artıq nəzəri xarakter daşımır - onlar realdır, dinamikdir və davamlı diqqət tələb edir".

A.İsmayılovun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində uğur yalnız texnoloji imkanlarla deyil, strateji düşüncə, qabaqlayıcı yanaşma və koordinasiyalı fəaliyyətlə təmin olunur: "Bu sahədə nəticə əldə etmək üçün dövlət strukturları, elmi-tədqiqat institutları və özəl sektor arasında real və davamlı əməkdaşlıq formalaşdırılmalıdır. Texnologiyalar dəyişir, təhdidlər transformasiya olunur, lakin dövlət kibertəhlükəsizliyinin əsas prinsipi dəyişməz qalır - kibertəhlükəsizlik proaktiv şəkildə təmin olunur".

A. İsmayılov bu konfrans çərçivəsində aparılacaq müzakirələrin yeni ideyaların formalaşmasına, yeni yanaşmaların tətbiqinə və ölkənin kibertəhlükəsizlik potensialının daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Allahverən-İsmayılov   Kibertəhlükəsizlik   Forum  


Bizi "telegram"da izləyin