Ukraynanın sabiq prezidenti Polşa ordenindən imtina edib

2026/06/1782019110.jpg
Oxunub: 283     09:08     21 İyun 2026    
Ukraynanın sabiq prezidenti Leonid Kuçma Polşa Prezidenti Karol Navrotskinin Volodimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etməsindən sonra eyni mükafatdan imtina etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Leonid Kuçma bu barədə bəyanat yayaraq 1997-ci ildə aldığı “Ağ Qartal” ordenindən imtina etdiyini bildirib.

Kuçmanın bəyanatı onun “Ukrayna” Fondunun mətbuat katibi Darka Olifer tərəfindən dərc edilib. Sabiq prezident qeyd edib ki, hakimiyyətdə olduğu dövrdə Polşa ilə münasibətlərin inkişafına və iki ölkə arasında tarixi fikir ayrılıqlarının aradan qaldırılmasına xüsusi diqqət yetirib.

O vurğulayıb ki, 2003-cü ildə Polşanın həmin dövrdəki prezidenti Aleksandr Kvasnevski ilə birlikdə hazırlanan Ukrayna-Polşa barışığı haqqında birgə bəyannamə iki ölkə münasibətlərində mühüm rol oynayıb.

Kuçmanın sözlərinə görə, uzun illər ərzində göstərilən səylər Kiyev və Varşava arasında möhkəm tərəfdaşlıq münasibətlərinin formalaşmasına gətirib çıxarıb. Bu münasibətlər xüsusilə Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya göstərilən geniş dəstəklə özünü büruzə verib.

Lakin sabiq prezident bildirib ki, Karol Navrotskinin Volodimir Zelenski ilə bağlı qərarı onun ordenə münasibətini yenidən nəzərdən keçirməsinə səbəb olub.

“Prezident Navrotskinin hazırkı qeyri-dost addımı bütün bunları silə bilməz. Lakin bu gün mənim Polşanın ali ordenindən imtina etməkdən başqa seçimim yoxdur”, - deyə Kuçma vurğulayıb.

O əlavə edib ki, Ukrayna Rusiyaya qarşı ona görə mübarizə aparmayıb ki, üçüncü ölkələr onun tarixi ilə bağlı göstəriş versin və kimin təltif olunacağına qərar versinlər.

Kuçma Ukrayna ilə Polşa arasında dostluq münasibətlərinin qorunub saxlanılacağına ümid etdiyini bildirsə də, yaranmış vəziyyətlə bağlı kədər və narahatlıq hiss etdiyini qeyd edib.

Xatırladaq ki, Polşa Prezidenti Karol Navrotski daha əvvəl Volodimir Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edildiyini açıqlayıb. Buna səbəb Kiyevin hərbi hissələrdən birinə Ukrayna Üsyançı Ordusunun fəxri adını verməsi olub.

“Ağ Qartal” ordeni Volodimir Zelenskiyə 2023-cü ildə Polşanın həmin dövrdəki prezidenti Anjey Duda tərəfindən Varşava ilə Kiyev arasında xüsusi münasibətlərin rəmzi kimi təqdim edilmişdi.

Polşa ilə Ukrayna arasındakı əsas fikir ayrılığı 1943-1945-ci illərdə baş vermiş Volın qırğınları ilə bağlıdır. Həmin dövrdə Ukrayna Üsyançı Ordusunun bölmələri Volında və Şərqi Qalisiyada polyak mülki əhaliyə qarşı kütləvi qətllər törədib. Nəticədə on minlərlə dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar həlak olub.

Polşa bu hadisələri polyak xalqına qarşı soyqırımı kimi qiymətləndirir. 2016-cı ildə Polşa parlamenti Volın qırğınlarını rəsmi olaraq soyqırımı kimi tanıyıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Polşa  


Bizi "telegram"da izləyin