İran xarici işlər nazirinin müavini Rusiya və Çin səfirləri ilə ABŞ ilə memorandum layihəsini müzakirə edib

2026/06/1781366299.jpg
Oxunub: 211     19:56     13 İyun 2026    
Tehranda İran xarici işlər nazirinin müavini ilə Rusiya və Çin səfirləri arasında görüş keçirilib. Görüş zamanı İran və ABŞ arasında hazırlanmaqda olan qarşılıqlı anlaşma memorandumu layihəsi ətrafında son vəziyyət müzakirə olunub.

Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi “X” sosial şəbəkəsində paylaşım edərək bildirib ki, Tehranda Rusiya və Çin səfirləri ilə keçirilən görüşdə tərəflər “İslamabad Memorandumu” layihəsi ilə bağlı son dəyişikliklər barədə fikir mübadiləsi aparıblar.

Onun sözlərinə görə, İran, Çin və Rusiya arasında strateji tərəfdaşlıq, eləcə də üç ölkə arasındakı koordinasiya bundan sonra da davam edəcək və daha da güclənəcək.

Danışıqlar Pakistanın vasitəçiliyi ilə müzakirə edilən saziş layihəsi ətrafında fəal diplomatik məsləhətləşmələr fonunda keçirilir.

Daha əvvəl Pakistanın Baş naziri Shehbaz Sharif tərəflərin çərçivə sülh sazişi üzrə razılığa yaxınlaşdığını və yekun variantın yaxın 24 saat ərzində elektron imzalanma və texniki danışıqlarla rəsmiləşdirilə biləcəyini bildirmişdi.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi də Tehran və Vaşinqtonun yaxın günlərdə ilkin qarşılıqlı anlaşma barədə açıqlama verə biləcəyini söyləmiş, lakin prosesin hələ başa çatmadığını vurğulamışdı.

Onun sözlərinə görə, müzakirə olunan sənəd 14 maddədən ibarət memorandumdur və gələcək danışıqlar üçün əsas rolunu oynayacaq.

Arakçi əlavə edib ki, növbəti mərhələlərdə sanksiyaların ləğvi, nüvə dosyesi, iqtisadi bərpa və digər məsələlər müzakirə olunacaq. İran isə əldə ediləcək razılaşmaların icrasına zəmanət verilməsində və ölkənin suverenliyinə hörmət olunmasında israr edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya   Çin  


Bizi "telegram"da izləyin