Amerikalı qadın senatorlar Arktika ölkələrinə diplomatik səfərə yollanırlar

2026/05/1779474868.jpg
Oxunub: 405     22:27     22 May 2026    
ABŞ senatorlarından ibarət nümayəndə heyəti Arktika regionunda artan gərginlik və Donald Tramp administrasiyasının sərt siyasəti fonunda diplomatik səfərə çıxır.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, səfərin əsas xüsusiyyəti nümayəndə heyətinin tamamilə qadınlardan ibarət olmasıdır.

Heyətə Alyaskadan respublikaçı senator Liza Murkovski və Senatın Xarici Əlaqələr Komitəsinin aparıcı demokrat üzvlərindən biri olan Cin Şahin rəhbərlik edir.

Nümayəndə heyəti Kanada, Qrenlandiya, Svalbard (Şpisbergen) və İslandiyanın Arktika və subarktik bölgələrinə səfər edəcək.

Bildirilir ki, Svalbardda senatorları ağ ayılarla qarşılaşma təhlükəsinə görə xüsusi müşayiətçilər müşahidə edəcək.

Səfərin əsas məqsədinin Tramp administrasiyasının son addımlarından sonra ABŞ müttəfiqlərini sakitləşdirmək olduğu qeyd olunub.

Bu həftə Pentaqon ABŞ-nin Kanada ilə birgə müdafiə şurasında iştirakını dayandırdığını açıqlayıb.

Senatorlar bu kursu yanlış hesab edir və Arktikanın sürətlə dünyanın əsas strateji regionlarından birinə çevrildiyini vurğulayırlar.

Məlumata görə, iqlim dəyişikliyi nəticəsində buzlaqların əriməsi yeni ticarət marşrutları açır və təbii resurslar, eləcə də sualtı rabitə kabelləri uğrunda rəqabəti gücləndirir.

ABŞ üçün əlavə narahatlıq yaradan amillərdən biri də Arktikada Rusiya və Çinin fəallığının artmasıdır. Buna cavab olaraq NATO son illərdə şimal bölgələrində birgə hərbi təlimləri və koordinasiyanı gücləndirib.

Səfər zamanı senatorlar uzaq Arktika yaşayış məntəqələrinə də baş çəkəcək və yerli xalqların həyat şəraiti ilə tanış olacaqlar.

Murkovskinin sözlərinə görə, bölgədəki bir çox yaşayış məntəqəsi yol şəbəkəsindən tam təcrid olunub və hərbi infrastruktur son dərəcə sərt iqlim şəraitində fəaliyyət göstərməyə məcburdur.

Səfərin siyasi məna daşıdığı qeyd edilir. Murkovski və Şahin daha əvvəl Trampın Qrenlandiya üzərində mümkün nəzarət planına qarşı çıxmış və NATO üzrə müttəfiqlər qarşısında ABŞ öhdəliklərinin məhdudlaşdırılmasına qarşı təşəbbüsləri dəstəkləmişdilər.

Senatorlar bildiriblər ki, məqsədləri yalnız tərəfdaşlarla münasibətləri gücləndirmək deyil, həm də ABŞ-nin Arktika siyasəti ilə bağlı yeni təkliflər hazırlamaqdır.

Amerika mediasında nümayəndə heyətinin tamamilə qadınlardan ibarət olması xüsusi diqqət çəkib. Şahin bildirib ki, araşdırmalar qadınların fəal iştirak etdiyi razılaşmaların uzunmüddətli perspektivdə daha dayanıqlı olduğunu göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Arktika  


Bizi "telegram"da izləyin