Avropa İttifaqı Hörmüz boğazına görə İran rəsmilərinə sanksiya tətbiq etmək qərarı verib

2026/03/1773647283.jpg
Oxunub: 362     20:56     22 May 2026    
Avropa İttifaqı ölkələri İran rəsmilərinə və Hörmüz boğazının blokadasına görə məsuliyyət daşıyan digər şəxslərə qarşı sanksiyalar tətbiq etmək qərarı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

Məlumata görə, Aİ hökumətləri blokadanı beynəlxalq hüquqa zidd hesab edərək İran əleyhinə mövcud sanksiya mexanizmini genişləndirmək üçün texniki addım atıblar.

Bu qərar daha çox şəxsin məsuliyyətə cəlb edilməsinə imkan yaradacaq.

Avropa Şurasının bəyanatında qeyd olunub ki, Aİ artıq Hörmüz boğazında naviqasiya azadlığını pozan İran fəaliyyətlərinə cavab olaraq əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcək.

Hazırda Aİ yeni sanksiyaların tətbiq olunacağı fiziki və hüquqi şəxslərin adlarını açıqlamayıb.

Məlumata görə, sanksiyalar səyahət qadağası və aktivlərin dondurulmasını əhatə edəcək.

Bundan əlavə, Aİ vətəndaşlarına və şirkətlərinə siyahıya düşən şəxslərə maliyyə vəsaiti, aktiv və digər iqtisadi resurslar təqdim etmək də qadağan ediləcək.

Qeyd olunub ki, İranla müharibə və Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatda ciddi sarsıntılara səbəb olub.

Bildirilir ki, dünya neft daşımalarının təxminən beşdə biri məhz bu boğaz vasitəsilə həyata keçirilir və vəziyyət enerji qiymətlərinin kəskin artımına gətirib çıxarıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   İran  


Bizi "telegram"da izləyin