Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, baş nazirliyə namizəd Robert Köçəryan Aparanda jurnalistlərlə söhbəti zamanı deyib.
Erməni siyasətçi son hadisələri və Rusiya rəsmilərinin dünənki açıqlamalarını şərh edərkən bildirib ki, fövqəldövlətlə Ermənistan rəhbərliyinin danışdığı tərzdə danışmaq olmaz. Onun sözlərinə görə, bunun nəticələri xalq üçün ağır olacaq və Ermənistan hakimiyyəti artıq icazə verilən həddi keçib.
“Əvvəl güllərin idxalını qadağan etdilər, sonra digər kənd təsərrüfatı məhsullarının idxalını da dayandıracaqlar. İnsanlar nə edəcək?”, - deyə Köçəryan sual edib.
O xatırladıb ki, insanların ödəməli olduqları kreditləri var. Köçəryan istehza ilə hakimiyyətə həmin gülləri alaraq Fransanın birinci xanımı Bricit Makrona və ya “Vətəndaş Müqaviləsi”nin qadın üzvlərinə göndərməyi təklif edib.
Onun qiymətləndirməsinə görə, Rusiya artıq hərəkətə keçib, lakin hələlik bu addımlar genişmiqyaslı sanksiyalar deyil, öz təsir rıçaqlarını nümayiş etdirmək və xəbərdarlıq etmək xarakteri daşıyır.
Köçəryan əlavə edib ki, həm ABŞ, həm də Avropa İttifaqı eyni məntiqlə hərəkət edir: dost ölkələr üçün güzəştli şərtlər tətbiq olunur, düşmən hesab edilənlərə isə sanksiyalar.
“Rusiya deyir ki, əgər mənim düşmənlərimlə dostluq etmək istəyirsənsə, məndən nə gözləyirsən? Mən səni artıq dost ölkə kimi qəbul etməyəcəyəm. Erməni xalqı dostdur, amma dövlət dost olmaqdan çıxır”, - deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az