Ordu.az xəbər verir ki, bu barədə “Ynet” nəşrində dərc olunan məqalədə bildirilib.
Məqalədə qeyd olunub ki, Tramp çoxsaylı təhdidlərdən və müddətlərin dəfələrlə uzadılmasından sonra İrana qarşı planlaşdırılan hücumların təxirə salındığını açıqlayıb və bunun razılıq əldə olunmasına imkan yaradacağına ümid etdiyini bildirib.
Nəşrin yazdığına görə, Tramp hərbi əməliyyatların yeni mərhələsinə keçməkdənsə diplomatik razılaşmaya üstünlük verir, lakin bunu istənilən qiymətə etməyə hazır deyil.
“Bu məntiqlə hətta zərbələrin müvəqqəti təxirə salınması belə zəruri addım kimi qiymətləndirilir. Baxmayaraq ki, İran bunu zəiflik və ya qeyri-müəyyənlik əlaməti kimi qəbul edə bilər”, - deyə məqalədə vurğulanıb.
Nəşr qeyd edib ki, danışıqlar uğursuz olacağı təqdirdə belə, təkrar təxirəsalmalar Trampın legitimliyini gücləndirə bilər, çünki o, əvvəlcə razılığa gəlməyə çalışan siyasətçi obrazı formalaşdırır.
İsraildə isə hücumların təxirə salınmasının diplomatik təzyiq elementi və ya vaxt qazanmaq cəhdi ola biləcəyi ilə bağlı fikirlər səsləndirilir.
Məqalədə həmçinin bildirilib ki, bəzi israilli rəsmilər Trampı “gözlənilməz” hesab edir və danışıqların uğursuzluğa düçar olması halında belə, onun mütləq zərbə əmri verəcəyinə təminat olmadığını düşünürlər.
Amerikalı hərbi mənbələrin məlumatına görə, fasilə dövründə İran zədələnmiş raket obyektlərinin bir hissəsini bərpa edib, mobil buraxılış qurğularını yenidən yerləşdirib və yeni hücum ehtimalına qarşı taktikasını uyğunlaşdırıb.
Mənbələr qeyd ediblər ki, bəzi obyektlər dağlıq ərazilərdə dərin yeraltı sığınacaqlarda yerləşdiyi üçün zərbələrə qarşı olduqca davamlıdır.
Sevinc Əliyeva
Ordu.az