Rusiya Latviyanı Ukrayna PUA-ları üçün bazalar hazırlamaqda ittiham edib

2026/05/1779199358.jpg
Oxunub: 431     18:00     19 May 2026    
Rusiya Xarici Kəşfiyyat Xidməti Ukrayna ordusunun Latviya ərazisindən Rusiyadakı hədəflərə pilotsuz uçuş aparatları buraxmağa hazırlaşdığını iddia edib.

Ordu.az xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidməti Kiyevin Baltikyanı ölkələrin Ukrayna Silahlı Qüvvələrinə təqdim etdiyi hava dəhlizləri ilə kifayətlənməyəcəyini bildirib.

Məlumata görə, pilotsuz uçuş aparatlarının Baltikyanı ölkələrin ərazisindən də buraxılması planlaşdırılır. Rusiya tərəfi iddia edib ki, bu məqsədlə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin hərbçiləri Latviyanın “Adaji”, “Seliya”, “Lielvarde”, “Dauqavpils” və “Yekabpils” hərbi bazalarında yerləşdirilib.

Xüsusi xidmət orqanı qeyd edib ki, Rusiya vasitələri pilotsuz uçuş aparatlarının buraxılış nöqtələrinin koordinatlarını dəqiq müəyyən etməyə imkan verir. Bəyanatda vurğulanıb ki, NATO üzvü olması Latviyanı “terrorçuların əlaltıları üçün ədalətli cavabdan” qoruya bilməyəcək.

“Latviya ərazisində qərar qəbuletmə mərkəzlərinin koordinatları yaxşı məlumdur”, - deyə Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib.

Latviyanın xarici işlər naziri Bayba Braje isə bu açıqlamaları yalan adlandırıb. O, “X” sosial şəbəkəsində yazıb ki, Latviya öz hava məkanını Rusiyaya qarşı hücumlar üçün təqdim etmir və bu məsələ Rusiya rəsmilərinə bir neçə dəfə izah olunub.

Latviya prezidenti Edqars Rinkeviçs də Rusiyanın bu məsələdə yalan danışdığını vurğulayıb.

Mayın əvvəlində Latviyanın şərqində yerləşən neft bazasının ərazisinə iki pilotsuz uçuş aparatı düşüb. Hadisə hökumət böhranına səbəb olub. Baş nazir Evika Silinya məsuliyyəti müdafiə naziri Andris Sprudsun üzərinə qoyub, o isə istefa vermək qərarı alıb. Bundan sonra Nazirlər Kabinetinin tam tərkibi də istefa verdiyini açıqlayıb.

Rusiya Müdafiə Nazirliyi Latviyaya çatan pilotsuz uçuş aparatlarının Ukraynaya məxsus olduğunu iddia edib. Son həftəsonu isə ölkənin hava məkanında daha bir naməlum pilotsuz uçuş aparatı müşahidə olunub. Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Baltikyanı ölkələrə xəbərdarlıq edərək Moskvanın özünümüdafiə hüququna malik olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyi də Baltikyanı ölkələrə Ukrayna pilotsuz uçuş aparatlarına hava məkanı verilməsinin yolverilməzliyi ilə bağlı “xüsusi xəbərdarlıq” göndərdiyini açıqlayıb. Estoniya, Latviya və Litva isə birgə bəyanatla bu ittihamları təkzib ediblər.

Həmin ölkələrin hərbi qurumları Ukrayna pilotsuz uçuş aparatlarının onların ərazilərinə Rusiyanın radioelektron mübarizə vasitələrinin tətbiqi səbəbindən daxil olduğunu bildiriblər. Latviya Xarici İşlər Nazirliyi isə Moskvanın apardığı aqressiv müharibənin bütün region üçün təhlükəsizlik riskləri yaratdığını vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Latviya   Ukrayna  


Bizi "telegram"da izləyin