“Telegraph”: Tramp Qrenlandiyada gələcək investisiyalar üzərində veto hüququ tələb edir

2026/05/1779193872.jpg
Oxunub: 388     16:30     19 May 2026    
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyada mümkün gələcək Rusiya və Çin investisiyalarına veto qoymaq hüququ əldə etməyə çalışdığı bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Telegraph” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

“Telegraph” yazır ki, Donald Tramp Qrenlandiyada gələcək Çin və ya Rusiya investisiyalarına qarşı “veto”ya bərabər olacaq maddənin razılaşmaya daxil edilməsini tələb edib.

Nəşrin mənbələrinin sözlərinə görə, Tramp administrasiyasının ada ilə bağlı danışıqlardakı əsas məqsədi Çinin həmin ərazilərin faydalı qazıntılarına çıxış əldə etməsinin qarşısını almaqdır.

“ABŞ, Qrenlandiya və Danimarka nümayəndələri ABŞ prezidentinin əraziyə nəzarət etmək istəyini təmin edəcək gizli razılaşma üzərində danışıqlar aparırlar. Bu danışıqlar Trampa Arktika adasını hərbi yolla ələ keçirmək təhdidlərindən geri çəkilmək imkanı yaratmaq üçün planlaşdırılıb”, - deyə məqalədə bildirilib.

Vaşinqton Pekindən narahatdır, çünki Çin nadir torpaq elementlərinin qlobal tədarükünün təxminən 70%-nə və onların emalının 90%-nə nəzarət edir. ABŞ hesab edir ki, Çin bundan təzyiq vasitəsi kimi istifadə edə bilər.

“Başqa bir mənbə bildirib ki, ABŞ buzlaqlar altında yerləşən neft, uran, nadir torpaq metalları və digər strateji əhəmiyyətli faydalı qazıntıları yalnız Pekin qlobal tədarükləri dayandıracağı halda hasil etməyə çalışacaq”, - deyə qəzet iddia edib.

Qrenlandiya Danimarka krallığının tərkibinə daxildir. Lakin ABŞ Prezidenti Donald Tramp dəfələrlə bəyan edib ki, ada ABŞ-nin bir hissəsinə çevrilməlidir.

Danimarka və Qrenlandiya hakimiyyətləri Vaşinqtonu adanı ələ keçirməkdən çəkindirərək, öz ərazi bütövlüklərinə hörmət göstərilməsini gözlədiklərini bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Qrenlandiya  


Bizi "telegram"da izləyin