Ordu.az xəbər verir ki, 2026-cı il mayın 18-də Yunanıstanın baş naziri Kiriakos Miçotakisin rəhbərliyi ilə toplanan Milli Təhlükəsizlik Hökumət Şurasının (KYSEA) növbəti iclasında ölkə müdafiəsi, xüsusilə də Hərbi Dəniz Qüvvələri ilə bağlı bir sıra kritik hərbi proqramlar təsdiqlənib.
“To Vima”nın məlumatına görə, toplantıda ən mühüm məsələlərdən biri İtaliyadan alınacaq iki “Bergamini” sinfinə məxsus freqatın satınalma prosesinə verilən rəsmi təsdiq olub.
Parlament mərhələsini daha əvvəl tamamlamış bu razılaşma KYSEA-nın “yaşıl işıq” yandırması ilə icra mərhələsinə keçəcək.
Yunan donanmasının uzun müddətdir həllini gözləyən əsas problemlərindən biri olan MEKO sinfinə məxsus freqatların yarımömür modernizasiya layihəsi də gündəmdə olub.
Təxminən 10 ildən artıqdır gecikən və dayandırılmış modernizasiya işlərinin qarşısı bu qərarla rəsmi şəkildə açılıb.
Gündəmindəki digər kritik başlıqlardan biri olan “Achilles Shield” proqramı barədə isə hərbi mənbələrdən aydın mesaj verilib.
“To Vima”ya danışan hərbi rəsmilər bildirib ki, bu layihədə yerli müdafiə sənayesi şirkətlərinin ən azı 25 faiz iştirakının qanuni şəkildə təmin olunmadığı halda proqram təsdiq üçün KYSEA gündəminə belə çıxarılmayacaq.
Bundan əlavə, ordu inventarının təhlükəsizliyi üçün yeni nəsil kripto cihazlarının alınması barədə razılığa gəlinib.
Əlavə olaraq, regional hərbi diplomatiya çərçivəsində Livan ordusuna dəstək məqsədilə M113 tipli 13 ədəd zirehli personal daşıyıcı vasitənin də hədiyyə edilməsinə qərar verilib.
Sevinc Əliyeva
Ordu.az