Ordu.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
“Brave1” müdafiə texnologiyaları təşəbbüsü çərçivəsində hazırlanan sursatın ilkin inkişaf mərhələsində dövlət dəstəyi aldığı bildirilib. Nazirlik ilk eksperimental istehsal partiyasının da tədarük edildiyini açıqlayıb.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, yeni sursat Qərb və ya sovet layihələrinin birbaşa surəti deyil. Sistem Ukraynalı mühəndislər tərəfindən müasir müharibənin ehtiyaclarına uyğun olaraq 17 ay ərzində hazırlanıb.
İdarəetmə və aerodinamik nəzarət sistemləri ilə təchiz edilən bomba döyüş təyyarələrinin düşmənin hava hücumundan müdafiə sistemlərinin mənzilinə daxil olmadan hədəfləri onlarla kilometr məsafədən dəqiq vurmasına imkan yaradır.
Yeni idarəolunan hava bombası 250 kiloqramlıq döyüş başlığı ilə istehkamları, komanda mərkəzlərini, logistika nöqtələrini və cəbhə arxasındakı yüksək əhəmiyyətli hədəfləri vurmaq üçün hazırlanıb.
Nazirlik bildirib ki, sursat Ukraynanın dəqiq zərbə imkanlarına mühüm töhfə verəcək. Ukraynanın baş nazirinin müavini və rəqəmsal transformasiya naziri Mixailo Fedorov yeni sursatla bağlı deyib: “Ukrayna ayrı-ayrı həlləri idxal edən ölkədən Müdafiə Qüvvələrinin imkanlarını sistemli şəkildə artıran yüksək texnologiyalı yerli silahlar hazırlayan ölkəyə çevrilir”.
Fedorov qeyd edib ki, yerli idarəolunan hava bombası mənzili artıracaq, dəqiqliyi yüksəldəcək və müasir müharibənin qaydalarını dəyişə biləcək imkanlar təqdim edəcək.
Bildirilir ki, Ukraynalı pilotlar yeni sursatla bağlı əməliyyat ssenariləri üzərində işləyir və sistemin əməliyyat istifadəsi konsepsiyasını hazırlayırlar.
Ukrayna Müdafiə Nazirliyi idarəolunan hava bombasının yaxın zamanda ilk dəfə real döyüş şəraitində istifadə ediləcəyini açıqlayıb.
Nazirliyin açıqlamasında qeyd olunub: “Ukraynanın idarəolunan hava bombası düşmənin irəliləyişinə qarşı güclü cavab xarakteri daşıyır”.
Sevinc Əliyeva
Ordu.az