Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Razılaşma çərçivəsində 17 ədəd “Giraffe 1X” radarı, ehtiyat hissələri, təlim və logistika dəstəyi xidmətləri təqdim olunacaq.
Müqaviləyə əsasən, bir radar sınaq və qiymətləndirmə fəaliyyətlərində istifadə ediləcək.
Qalan 16 radar isə “Scania France”ın Anje şəhərində yerləşən SPAD bölməsi tərəfindən hazırlanan “Scania V3P” taktiki nəqliyyat vasitələrinə inteqrasiya olunacaq.
“Saab” və “Scania France” müqavilə müddətində birgə konsorsium kimi fəaliyyət göstərəcək.
Təhvil prosesinin 2026 və 2027-ci illər arasında həyata keçirilməsi planlaşdırılır.
“Saab Surveillance” biznes sahəsinin rəhbəri Karl-Yohan Berqholm bildirib: “Fransa Silahlı Qüvvələrinin qısa və çox qısamənzilli hava hücumundan müdafiə imkanlarını modernləşdirməyi hədəfləyən bu mühüm layihədə “Scania France” ilə birlikdə işləməkdən qürur duyuruq”.
“Giraffe 1X” kompakt quruluşuna baxmayaraq yüksək performans təqdim edən üçölçülü radar sistemi kimi ön plana çıxır.
Sistem hava hücumundan müdafiə, antidron missiyaları, kritik obyektlərin qorunması və dəniz platformalarında istifadə kimi müxtəlif tapşırıqlarda tətbiq oluna bilir.
“Saab”ın məlumatına görə, radarın proqram təminatlı arxitekturası yeni təhdidlərə qarşı davamlı yenilənməsinə imkan yaradır.
Fransa bu tədarük proqramı ilə mobil qısa və çox qısamənzilli hava hücumundan müdafiə vasitələrinin aşkarlama və hədəf müəyyən etmə imkanlarını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az