ABŞ HDQ yeni nəsil proqram təminatlı radarların hazırlanması üçün “Raytheon” ilə müqavilə imzalayıb

2026/05/1779177447.jpg
Oxunub: 329     11:51     19 May 2026    
“Raytheon” ABŞ Hərbi Dəniz Qüvvələrinin Tədqiqat Ofisindən (ONR) yeni nəsil dəniz radarları üçün qabaqcıl radar proqram təminatının hazırlanmasına dair müqavilə alıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Açıqlamaya əsasən, layihə radarların uyğunlaşma imkanlarını artıracaq, eyni anda bir neçə missiyanı yerinə yetirməsinə şərait yaradacaq və elektromaqnit spektrindən daha səmərəli istifadəyə imkan verəcək proqram təminatlı radar imkanlarına yönələcək.

Müqavilə çərçivəsində “Raytheon”un Qabaqcıl Texnologiyalar komandası radarın hər bir struktur hissəsinin müstəqil işləməsinə imkan verəcək yeni proqram arxitekturası hazırlayacaq.

Bu yanaşma sayəsində bir radar sistemi eyni anda müxtəlif tapşırıqları yerinə yetirə biləcək.

“Raytheon” bildirib ki, hər radar modulunun müstəqil “proqram təminatlı açıqlıq” kimi nəzərdən keçirildiyi bu arxitektura sistemin dəyişən missiya ehtiyaclarına daha sürətli uyğunlaşmasına imkan verəcək.

Yeni arxitektura radarların kommersiya rabitə şəbəkələri, xüsusilə də 5G sistemləri ilə paylaşılan intensiv tezlik mühitində daha effektiv işləməsini hədəfləyir.

Beləliklə, radarların elektromaqnit spektrindən daha səmərəli istifadə etməsi və missiya effektivliyinin artırılması məqsəd qoyulur.

“Raytheon Advanced Technologies” bölməsinin rəhbəri Kolin Velan layihə ilə bağlı bildirib: “Elektromaqnit spektri əvvəlkindən daha sıxdır. Sistemlərimiz bu mühitdə necə işləyəcəyini daha ağıllı şəkildə idarə etməlidir”.

Velan əlavə edib ki, proqram əsaslı idarəetmə radarların missiya tələblərinə daha sürətli uyğunlaşmasına imkan verəcək. “Raytheon”un məlumatına görə, modul arxitektura avadanlıq dəyişdirilməsinə ehtiyac olmadan yalnız proqram yeniləmələri ilə radar performansının artırılmasına şərait yaradacaq.

Bu yanaşmanın xərcləri azaltması, inkişaf müddətini qısaltması və texniki riskləri minimuma endirməsi nəzərdə tutulur.

Proqram təminatının hazırlanması prosesindən sonra “Raytheon” radar modullarının müstəqil idarəetməsini təsdiqləmək məqsədilə müxtəlif nümayiş sınaqları keçirəcək. Bu sınaqlarda eyni anda çoxsaylı missiyaların icrası və spektr paylaşımı kimi imkanlar da qiymətləndiriləcək.

Texnologiyanın uğurlu olması halında gələcəkdə ABŞ Hərbi Dəniz Qüvvələrinin əməliyyat radar sistemlərinə inteqrasiya edilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   Raytheon  


Bizi "telegram"da izləyin