Ordu.az xəbər verir ki, bu barədə “Kongsberg Defence & Aerospace” şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasına görə, 2026-cı ilin mayında imzalanan əlavə müqavilənin dəyəri təxminən 3,5 milyard Norveç kronu təşkil edir.
Beləliklə, Berlin rəhbərliyi F-35A donanmasının uzaqmənzilli dəqiq zərbə imkanlarını gücləndirmək istiqamətində hazırlıqlarını davam etdirir.
Yeni razılaşma Almaniyanın JSM raketləri üzrə ikinci böyük sifarişi olub. Berlin ilk müqaviləni 2025-ci il iyunun 30-u tarixində təxminən 6,5 milyard Norveç kronu məbləğində imzalamışdı.
Almaniya 2025-ci ilin iyununda qəbul etdiyi qərarla JSM raketlərini seçən beşinci ölkə olmuşdu. Raket daha əvvəl Norveç, Yaponiya, Avstraliya və ABŞ tərəfindən seçilmişdi.
“Joint Strike Missile” F-35A və F-35C variantlarının daxili silah bölmələrində daşına bilən sinfinə məxsus yeganə qanadlı raket kimi diqqət çəkir.
Bu xüsusiyyət F-35-in aşağı radara görünmə imkanını qoruyaraq uzaqmənzilli dəqiq zərbə missiyalarını yerinə yetirməsinə şərait yaradır.
Raketin tam inteqrasiyasının F-35 “Block 4” modernizasiya paketi ilə birlikdə tamamlanması planlaşdırılır.
Almaniya ABŞ-nin Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində ümumilikdə 35 ədəd F-35A tədarük edir.
Təyyarələrin Almaniya Hərbi Hava Qüvvələrinin inventarındakı “Panavia Tornado” IDS parkının bir hissəsini əvəz etməsi nəzərdə tutulur.
İlk Almaniya F-35A təyyarələrinin 2026-cı il ərzində təhvil verilməsi, pilot hazırlıqlarının isə ABŞ-də yerləşən “Ebbing Air National Guard Base” bazasında başlaması planlaşdırılır.
Təyyarələrin daha sonra “Büxel” Hava Bazasında yerləşdirilməsi hədəflənir. Kongsberg”in Raket və Aerokonstruksiyalar Bölməsinin rəhbəri Oyvind Kolset yeni sifarişlə bağlı bildirib: “Yeni sifariş Almaniyanın F-35 parkı üçün raket hazırlıq səviyyəsini artırmağa başladığını göstərir”.
“Kongsberg”in baş direktoru Eirik Lie isə müqavilənin Almaniya ilə davam etdirilən genişmiqyaslı müdafiə əməkdaşlığının yeni göstəricisi olduğunu qeyd edib.
Norveçin müdafiə naziri Tore O. Sandvik də razılaşmanın Oslo ilə Berlin arasında müdafiə əməkdaşlığının konkret göstəricisi olduğunu vurğulayıb.
Sandvik bildirib: “JSM müqavilələri strateji tərəfdaşlığımızın həm milli müdafiəmizi, həm də NATO-nun çəkindirmə qabiliyyətini gücləndirən konkret imkanlara çevrildiyini göstərir”.
Sevinc Əliyeva
Ordu.az