Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Məlumata görə, yenilənmiş təklif siyasi formalaşdırma ilə uzunmüddətli, çoxmərhələli atəşkəs nəzərdə tutur ki, Tehran “üzünü qoruyub saxlaya” bilsin.
İran nüvə proqramını ləğv etməyə deyil, dondurmağa hazırdır. 400 kiloqram yüksək dərəcədə zənginləşdirilmiş uran isə Rusiyaya verilməlidir.
Hörmüz boğazı ilə bağlı İran onun Pakistan və Omanın təminatçılar kimi iştirakı ilə mərhələli və təhlükəsiz şəkildə açılmasını təklif edir. Eyni zamanda dəniz yolunun nüvə məsələsindən ayrı tutulması təklif olunur.
Nüvə proqramı və uranın zənginləşdirilməsi kimi daha mürəkkəb məsələlər isə danışıqların növbəti mərhələlərinə saxlanılır.
“Axios”un məlumatına görə, ABŞ rəsmisi yenilənmiş təklifi əvvəlki variantla müqayisədə cüzi yaxşılaşdırma hesab edib və bunun razılaşmaya nail olmaq üçün yetərli olmadığını bildirib. Vaşinqton hələlik yalnız dondurulmuş İran aktivlərinin dörddə birinin azad edilməsinə razılıq verib, Tehran isə bu mövqeyə yenidən baxılmasını istəyir.
İranın “Tasnim” agentliyi isə ABŞ-nin danışıqlar zamanı neft sanksiyalarından müvəqqəti istisnaya razılaşdığını yazıb, lakin İran tərəfi bunu təsdiqləməyib.
İsraildə Trampın Tehranla təhlükəsizlik baxımından əsas məsələlər həll olunmadan kompromis razılaşma bağlaya biləcəyindən narahatlıq var.
Tramp administrasiyasının daxilində də vahid mövqe yoxdur. Rəsmilərin bir hissəsi, xüsusilə Pentaqon nümayəndələri, İrana qarşı daha sərt xətti dəstəkləyir, digərləri isə diplomatiyanın lehinə çıxış edir.
Bu arada Tramp bildirib ki, “İran üçün vaxt bitir” və “daha sərfəli sövdələşmə” rədd edilərsə, bunun nəticələri ağır olacaq. O, eyni zamanda Tehrandan yenilənmiş təklif gözlədiyini də qeyd edib.
Sevinc Əliyeva
Ordu.az