“Politico”: Pentaqonda Trampın Almaniyadan qoşunların çıxarılması ilə bağlı sözləri təəccüb doğurub

2026/05/1777634094.jpg
Oxunub: 245     15:06     01 May 2026    
ABŞ prezidenti Donald Trampın Almaniyadan qoşunların bir hissəsinin mümkün çıxarılması barədə bəyanatı Pentaqonda “şok effekti yaradıb”.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” qəzeti anonim qalmaq şərti ilə danışan almaniyalı bir məmura istinadən məlumat yayıb.

Trampın bu açıqlamaları hazırda onun bəyanatının nə dərəcədə ciddi olduğunu anlamağa çalışan hərbi dairələrin nümayəndələrini “təəccübləndirib”. ABŞ hərbi dairələrinin üç nümayəndəsinin sözlərinə görə, söhbət “Almaniyadan yüzlərlə, hətta minlərlə amerikalı hərbçinin çıxarılmasına yönəlmiş mümkün yeni cəhdlərdən” gedir. ABŞ Konqresinin bu məsələ üzrə müzakirələrdən məlumatlı olan əməkdaşı bildirib ki, Pentaqon “bunu gözləmirdi və Almaniyadakı hərbi kontingentin hər hansı şəkildə azaldılmasını planlaşdırmırdı”.

“Lakin biz buna ciddi yanaşmalıyıq, çünki o, prezidentliyinin ilk dövründə (2017-2021-ci illərdə) bunu etməyə ciddi niyyətli idi”, - deyə Konqres əməkdaşı qeyd edib. O xatırladıb ki, 2020-ci ildə ABŞ Almaniyadan 11,9 min hərbçi çıxarmışdı.

ABŞ müharibə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib ki, Pentaqon “bütün ssenarilər üzrə planlar hazırlayır”. “Biz ali baş komandanın seçəcəyi zaman və məkanda onun əmrlərini yerinə yetirməyə tam hazırıq”, - deyə o vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Tramp   Almaniya  


Bizi "telegram"da izləyin