Ordu.az xəbər verir ki, tərəfdaşlıq barədə Avropa Komissiyasının rəsmi saytında məlumat verilib.
Proqram Avropa Müdafiə Fondu (EDF), Avropa İttifaqının Müdafiə Agentliyi və Ukraynanın “Brave1” platformasının səylərini birləşdirir.
Layihə çərçivəsində hərbi texnologiyaların real döyüş şəraitində qiymətləndirilməsi üçün 35 milyon avroluq büdcəyə malik yeni sınaq platforması yaradılıb.
İlk iştirakçı seçimi üzrə fəaliyyətlər 2026-cı ilin iyununda başlayacaq. Ukrayna ilə sıx əməkdaşlıq şəraitində keçiriləcək sahə sınaqları və avadanlığın qiymətləndirilməsi kampaniyaları isə həmin ilin payızında başlanacaq.
“Civitta”, “Starburst Accelerator” və “Darkstar” konsorsiumu layihənin birinci mərhələsini tamamlayıb. Ekspertlər Avropanın müxtəlif ölkələrindən olan hazırlayıcıların ən perspektivli həllərini növbəti sınaqlar üçün seçiblər.
“BraveTech EU”nun əsas məqsədi artıq real döyüş şəraitində sınaqdan keçirilmiş silahların istehsalını sürətlə genişləndirməkdir.
Layihə iki mərhələyə bölünür. “Seed” adlanan birinci mərhələ hazırlayıcılar arasında müsabiqələrə və yeni şirkətlərə investorların cəlb edilməsinə yönəlib.
“Scale Up” adlanan ikinci mərhələ uğurlu layihələrin genişləndirilməsinə kömək edəcək. Ukrayna zavodları Avropa biznes dəstəyi proqramlarına və birbaşa maliyyələşməyə çıxış əldə edəcək.
Avropa İttifaqı layihənin ümumi məqsədlərinə 50 milyon avroya qədər vəsait ayırmağı planlaşdırır. Ukrayna hökumətinin birgə investisiya və innovasiyaları dəstəkləmək üçün oxşar məbləğ təqdim edəcəyi gözlənilir.
Daha əvvəl Almaniya hökumətinin də Ukraynanın “Brave1” müdafiə klasterinə qoşulmağı nəzərdən keçirdiyi bildirilmişdi.
Belə əməkdaşlıq Almaniyaya texnologiyaların sürətli inkişafı və silah satınalma prosedurlarının sadələşdirilməsi sahəsində Ukraynanın təcrübəsini mənimsəməyə imkan verərdi.
Sevinc Əliyeva
Ordu.az