Aksazda diqqətçəkən səfər: Alman nümayəndə heyəti Türkiyənin İDP-lərini araşdırıb

2026/04/1777553206.jpg
Oxunub: 529     16:44     30 Aprel 2026    
Türkiyənin son illərdə sürətlə inkişaf etdirdiyi insansız dəniz sistemləri Avropanın diqqətini cəlb etməyə davam edir.

Ordu.az xəbər verir ki, son olaraq Almaniya Müdafiə Nazirliyinə bağlı nümayəndə heyəti Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarında olan İnsansız Dəniz Platformalarını (İDP) yerində araşdırmaq üçün Türkiyəyə gəlib.

Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, Almaniya Müdafiə Nazirliyinə bağlı 7 nəfərlik nümayəndə heyəti Muğladakı “Aksaz” Dəniz Baza Komandanlığını ziyarət edib. Səfər çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələrinin inventarında olan İDP-lərin qabiliyyətləri ətraflı şəkildə təqdim olunub.

Nümayəndə heyəti yalnız nəzəri təqdimatlarla kifayətlənməyib, eyni zamanda sahədə həyata keçirilən test və sınaqlarda iştirak edərək sistemləri əməliyyat mühitində müşahidə edib. Bu çərçivədə İDP-lərin dəniz üzərindəki performansı, missiya profilləri və istifadə konsepsiyaları yerində araşdırılıb.

Alman nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin inventarında olan HAVELSAN SANCAR, ASELSAN MARLİN və MKE tərəfindən hazırlanmış PİRANA KİDA barədə məlumat verildiyi bildirilir.

Səfər zamanı iki ölkə arasında insansız dəniz sistemləri üzrə məlumat və təcrübə mübadiləsi aparılıb. Türkiyə tərəfi sahədə əldə edilən əməliyyat təcrübələrini paylaşarkən, Alman nümayəndə heyətinin xüsusilə avtonomiya, missiya davamlılığı və sürü konsepsiyalarına maraq göstərdiyi qeyd olunur.

Türkiyənin son dövrdə inkişaf etdirdiyi İDP-lər kəşfiyyat-müşahidə, suüstü müharibə, mina əleyhinə tədbirlər və radioelektron mübarizə kimi müxtəlif missiyalarda istifadə oluna bilən çoxməqsədli platformalar kimi seçilir.

Almaniyanın bu səfəri Türkiyə müdafiə sənayesi məhsullarına Avropanın artan marağının yeni nümunəsi kimi qiymətləndirilir. Daha əvvəl də Almaniya başda olmaqla müxtəlif Avropa ölkələrindən nümayəndə heyətləri Türkiyənin müxtəlif platformalarını yerində araşdırmışdı.

Xüsusilə “Bayraktar” TB2 və AKINCI kimi pilotsuz uçuş aparatlarının beynəlxalq sahədə əldə etdiyi uğur Avropada Türkiyə pilotsuz sistemlərinə marağı artırıb. Bununla yanaşı dəniz sahəsində inkişaf etdirilən pilotsuz platformalar da oxşar şəkildə diqqət çəkməyə başlayıb.

İnsansız dəniz aparatları gələcəyin dəniz müharibəsi doktrinalarında mühüm rol oynayacaq sistemlər arasında göstərilir. Aşağı maliyyət, yüksək riskə dözümlülük və avtonom missiya qabiliyyəti kimi üstünlükləri ilə seçilən İDP-lər xüsusilə NATO ölkələri tərəfindən yaxından izlənilir.

Türkiyə İDP qabiliyyətləri

Türkiyə İDP-ləri həm uzaqdan idarə olunan, həm də avtonom missiya icra edə bilən sistemlərdir. Bu platformalar təxminən 400 kilometrə qədər məsafə və 30-40 knot səviyyəsində yüksək sürət qabiliyyəti təqdim edir.

Silahlı variantlar idarə olunan raket və pulemyot sistemləri ilə suüstü hədəflərə qarşı hücum həyata keçirə bilir. İDP-lər kəşfiyyat, müşahidə, ISR, sahil təhlükəsizliyi və kritik obyektlərin qorunması missiyalarında aktiv istifadə olunur.

Şəbəkə mərkəzli müharibə infrastrukturu sayəsində digər dəniz və hava vasitələri ilə məlumat mübadiləsi apararaq birgə əməliyyat həyata keçirə bilir. Sürü konsepsiyası ilə bir neçə İDP-nin koordinasiyalı şəkildə fəaliyyət göstərməsi mümkündür. Kompozit gövdə quruluşu və aşağı radar izi sayəsində çətin dəniz şəraitində aşağı görünürlüklə missiya icra edə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Almaniya   İDP  


Bizi "telegram"da izləyin