Şimali Koreya əsgərlərinə Ukrayna qüvvələri tərəfindən əsir götürülməmək üçün intihar etmələri tapşırılıb

2026/04/Ekran-1777491194.jpg
Oxunub: 570     23:31     29 Aprel 2026    
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən qoşunların əsir düşməkdənsə öz həyatlarını qurban vermələri praktikasını faktiki olaraq etiraf edib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Pxenyanda həlak olmuş şimali koreyalı əsgərlərə həsr olunmuş memorialın açılışı zamanı Kim Çen In iki dəfə “özlərini partladan” əsgərlərə istinad edib.

“Böyük şərəfi qorumaq üçün tərəddüd etmədən özünü məhv etməyi seçən qəhrəmanlar. Onlar heç bir mükafat gözləmirdilər, halbuki görkəmli igidlik nümayiş etdirdilər. Onlar qəhrəmancasına öldülər”, - deyə o bildirib.

Mövcud məlumatlara görə, şimali koreyalı əsgərlər arasında əsir düşmə riski yarananda qumbara ilə özünü partlatmaq halları mütəmadi qeydə alınır. Bu, əsirlərin sayının son dərəcə az olmasını izah edir, yalnız iki şimali koreyalı hərbçi əsir götürülüb.

Ukrayna ordusu Şimali Koreya bölmələrini çətin rəqib kimi qiymətləndirir, onlar fiziki cəhətdən dözümlü, yaxşı təlim keçmiş və nizam-intizamlıdırlar.

Ukraynaya qarşı döyüşlərdə, o cümlədən Kursk vilayətində, Şimali Koreya itkilərinin təxminən 1100 hərbçi olduğu qiymətləndirilir.

Məlumata görə, Rusiya Pxenyana hər yerləşdirilən əsgərə görə təxminən 2000 dollar ödəyir ki, bu da orta şimali koreyalının illik gəlirindən təxminən 83 dəfə çoxdur.

2024-cü ilin iyununda Vladimir Putin Şimali Koreyaya səfər edib və Kim Çen In ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb. Bu sənəd faktiki olaraq hərbi ittifaq yaradır: tərəflərdən biri hücuma məruz qalarsa, digəri bütün mövcud vasitələrlə hərbi yardım göstərməlidir.

Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakı barədə ilk məlumatlar 2024-cü ilin oktyabrında yayılıb. Həmin vaxt Ukrayna Müdafiə Kəşfiyyatı və Cənubi Koreya kəşfiyyatı təxminən 1500 əsgərin Rusiyaya göndərildiyini bildirib.

2024-cü ilin noyabrının əvvəlində Ukraynanın müdafiə naziri Rüstəm Umerov Ukrayna Silahlı Qüvvələri ilə Şimali Koreya bölmələri arasında ilk döyüş toqquşmalarını təsdiqləyib.

Moskva və Pxenyan uzun müddət döyüş əməliyyatlarında iştirakı inkar ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Koreya   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin