Ordu.az xəbər verir ki, raket, rabitə, süni zəka, gəmi istehsalı və zirehli texnika sahəsindəki razılaşmalarla türk şirkətləri mühüm uğur əldə edib.
Kuala Lumpurda keçirilən “Defence Services Asia (DSA) 2026” müdafiə sərgisində Türkiyə müdafiə sənayesi şirkətləri Malayziya ilə mühüm müqavilə və əməkdaşlıq razılaşmaları imzalayıb. ROKETSAN, ASELSAN, HAVELSAN, “Nurol”, “Desan”, “CTech” kimi şirkətlər bu əməkdaşlıqda mühüm dönüş nöqtəsinə imza atıb.
DSA 2026-da imzalanan əsas razılaşmalar
ROKETSAN: Malayziya Müdafiə Nazirliyi ilə yerüstündən yerüstünə raket tədarükü üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri və çatdırılacaq sistemlərin sayı açıqlanmayıb. ROKETSAN sərgidə nümayiş etdirdiyi həllərlə diqqət çəkib.
ASELSAN: Malayziyanın “Boustead” şirkəti ilə SATCOM (peyk rabitəsi) imkanlarının inkişafı üçün əməkdaşlıq edib. Razılaşma yer və kosmos seqmentlərini əhatə edir, Malayziyanın mümkün GEO peyk layihəsi də daxil olmaqla. Yerliləşdirmə, birgə inkişaf, texniki seminarlar və Malayziya Silahlı Qüvvələrinə təlimlər də planlaşdırılır.
HAVELSAN: Malayziyanın MIVSB (MIMOS International Venture) şirkəti ilə milli süni zəka ekosistemi qurmaq üçün razılaşma imzalayıb. İki şirkət infrastruktur, texnologiya və bazara çıxış sahələrində güclü əməkdaşlıq hədəfləyir.
“DESAN Kaptanoğlu” gəmiqayrma zavodu: Malayziya Sahil Mühafizə Komandanlığı üçün inşa edəcəyi ikinci çoxməqsədli sahil mühafizə gəmisi (MPMS-2) layihəsinin rəsmi müqaviləsini imzalayıb.
“Nurol Makina”: Malayziyada 4×4 zirehli nəqliyyat vasitələrinin yerli istehsalı və Asiya-Sakit okean regionuna ixracı üçün Malayziyanın “Nadicorp/Badanbas” qrupu ilə anlaşma memorandumu imzalayıb.
“CTech”: Malayziyanın “AR Eastern” şirkəti ilə məhsul tədarükü və əməkdaşlıq razılaşması əldə edib. Razılaşmaya əsasən qarışdırmaya davamlı peyk rabitə modemləri Malayziya Silahlı Qüvvələrinə təqdim olunacaq.
İki ölkə arasında müdafiə əməkdaşlığının fonu
Son illərdə Türkiyə-Malayziya müdafiə əlaqələri sürətlə dərinləşir. 2023-cü ildə Malayziya “Türk Havacılık ve Uzay Sanayii”ndən 9 ədəd ANKA orta hündürlükdə uzun müddət havada qala bilən pilotsuz uçuş aparatı alıb.
2024-cü ildə STM Malayziya donanması üçün 3 ədəd sahil missiya gəmisi inşa etmək üçün müqavilə imzalayıb.
Bu razılaşmalar Malayziyanın silahlı qüvvələrini modernləşdirmə və yerli müdafiə sənayesini inkişaf etdirmə strategiyası ilə uyğunlaşır.
Sevinc Əliyeva
Ordu.az