“Reuters”: Tramp İran üzərində qələbə və müharibənin başa çatdığını elan edə bilər

2026/04/1777443141.jpg
Oxunub: 544     10:06     29 Aprel 2026    
ABŞ kəşfiyyatı və Ağ Evin rəsmiləri Donald Trampın İran üzərində qələbə qazandığını və müharibənin başa çatdığını elan edə biləcəyi ssenarini araşdırırlar.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, kəşfiyyat qurumları ABŞ administrasiyasının yüksəkvəzifəli rəsmilərinin xahişi ilə təhlil aparırlar. Məqsəd Trampın belə mümkün addımına İranın necə reaksiya verəcəyini proqnozlaşdırmaqdır.

Bir sıra rəsmilər Trampı inandırmağa çalışırlar ki, neft və benzin qiymətlərini artıran müharibə qarşıdakı aralıq Konqres seçkilərində respublikaçıların böyük itkilərinə səbəb ola bilər.

Tramp İranla bağlı gələcək addımlar barədə yekun qərarını hələ verməyib. Mənbələrdən birinin “Reuters”ə bildirdiyinə görə, hərbi əməliyyatların daha da genişlənməsi, o cümlədən iranlı hərbi və siyasi liderlərə qarşı yeni aviazərbələr də mümkündür.

Lakin ən iddialı ssenari olan quru müdaxiləsi getdikcə daha az real görünür. Agentliyin həmsöhbəti bildirib ki, müharibənin dayandırılması üçün Trampa yönələn siyasi təzyiq “nəhəng” həddədir.

Ötən həftə dərc olunmuş “Reuters/Ipsos” sorğusuna əsasən, amerikalıların yalnız 26 faizi hərbi kampaniyanın çəkilən xərcləri doğrultduğunu düşünür, 25 faizi isə onun ABŞ-ni daha təhlükəsiz etdiyini hesab edir.

Ağ Evdə yaxın vaxtlarda keçirilmiş müzakirələrlə tanış olan üç mənbə bildirib ki, Tramp həm özünün, həm də partiyasının ödədiyi siyasi bədəli tam anlayır.

ABŞ ilə İran arasında müharibə 2026-cı il fevralın 28-də başlayıb. ABŞ qanunvericiliyi Konqresin razılığı olmadan prezidentin döyüş əməliyyatları aparmaq səlahiyyətini 60 günlə məhdudlaşdırır. “The New York Times” daha əvvəl yazmışdı ki, bu müddət mayın 1-də başa çatır.

Qanun yalnız qoşunların təhlükəsiz çıxarılması üçün əlavə 30 gün uzadılmağa icazə verir, lakin hücum xarakterli əməliyyatlara yox.

Demokratlar artıq beş dəfə qətnamələr vasitəsilə hərbi əməliyyatları dayandırmağa cəhd göstəriblər, lakin respublikaçılar bunların qarşısını alıblar. Bununla belə, bəzi respublikaçı senatorlar, o cümlədən Con Kertis və Liza Murkovski mayın 1-dən sonra Konqresin razılığı olmadan müharibənin davamına dəstək verməyəcəklərini bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin