O, Ukrayna hakimiyyətini neft məhsullarının qlobal bazarında “süni qıtlıq yaratmaqda” ittiham edib. “RIA Novosti” məlumat yayıb ki, Vladimir Putinin tapşırığı ilə fövqəladə hallar naziri Kurenkov Tuapseyə yola düşüb və artıq telefonla vəziyyət, eləcə də görülən tədbirlər barədə məruzə edib.
Digər mənbələr isə bildiriblər ki, partladılmış anbarlardan “neft Tuapse çayına axıb və neftin Qara dənizə tökülməsinin qarşısını almaq üçün qoruyucu bəndlər tikilir”. Bəzi ekspertlər hesab edirlər ki, Ukrayna turizm mövsümü ərəfəsində Qara dəniz sahil bölgələrində “ekoloji fəlakət planlaşdırır” və bu da Rusiyaya əlavə iqtisadi zərər vuracaq.
Bu fonda Rusiya Müdafiə Nazirliyi təsdiqləyib ki, “Afrika Korpusu”nun bölmələri Malidə Kidal şəhərindəki mövqelərini tərk ediblər. Ötən həftəsonu həmin Afrika ölkəsində silahlı çevriliş cəhdi olub və bunun qarşısının alınması əməliyyatlarına Rusiya hərbi kontingenti də cəlb edilib.
Qərb mənbələrinin məlumatına görə, Rusiya tərəfinin “onlarla həlak olanı və təxminən iki yüz yaralısı var”. Rusiya Müdafiə Nazirliyi bu məlumatı dolayı yolla təsdiqləyərək bildirib ki, “Afrika Korpusu”nun bölmələri “tam mühasirə şəraitində bir gün ərzində silahlılarla qəhrəmancasına döyüş aparıblar”.
Diqqətçəkən məqam odur ki, Rusiyanın xarici işlər nazirinin müavini Borisenko Malidə “Afrika Korpusu”nun itkilərinə görə Ukraynanı günahlandırıb və deyib ki, “silahlı çevriliş cəhdi göstərən qruplaşmaları Qərb ölkələrinin və Ukraynanın hərbi təlimatçıları hazırlayıblar”. Beləliklə, Rusiya xarici işlər nazirinin müavini etiraf edib ki, Ukrayna Rusiyaya qarşı müharibəni yalnız öz ərazisində deyil, hətta Afrikada da aparır.
TASS məlumat yayıb ki, ötən gün Norveç hökuməti də Ukrayna üçün pilotsuz uçuş aparatları istehsal etmək barədə qərar qəbul edib. “RIA Novosti” isə öz növbəsində Almaniya hökumətini “dördüncü reyx” adlandırıb və xatırladıb ki, iki dünya müharibəsini həmin ölkə başlayıb. “Reuters”in məlumatına görə, cari ildə Rusiyanın hərbi xərcləri 190 milyard dollar və ya büdcənin 38 faizini təşkil edəcək, Ukraynaya qarşı müharibənin bir saatı isə 22 milyon dollara başa gəlir.
Asif Cəfərov
Ordu.az