WSJ: Vasitəçilər Vaşinqton və Tehranı danışıqları distant formatda davam etdirməyə çağırıblar

2026/04/1777368141.jpg
Oxunub: 350     13:14     28 Aprel 2026    
Regionda vasitəçi rolunu üzərinə götürən tərəflər Tehranı və Vaşinqtonu dialoqu dayandırmamağa və distant formatda aparılan danışıqları davam etdirməyə çağırıblar.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

“The Wall Street Journal”ın məlumatına görə, bu, tərəflər arasında mövcud fikir ayrılıqlarını addım-addım aradan qaldırmaq məqsədi daşıyır.

Rəsmilərin sözlərinə görə, onlayn ünsiyyətin davamlılığı “qarşılıqlı anlaşmaya nail olmaq məqsədilə tərəflərin mövqelərinin yaxınlaşmasına” kömək edə bilər.

Nəşrin mənbələrinə görə, ABŞ danışıqlar prosesindən çıxmaq niyyətində deyil. Üstəlik, Vaşinqton qarşıdakı günlərdə İranın təqdim etdiyi plana cavab verməyə və öz təklifləri ilə çıxış etməyə hazırlaşır.

Daha əvvəl “Al Mayadeen” telekanalı Tehranın vasitəçilər vasitəsilə Vaşinqtona danışıqların üç mərhələdən ibarət planını ötürdüyünü bildirmişdi. Həmin məlumatlara görə, İran tərəfi prioritet olaraq müharibənin dayandırılması məsələsini müzakirə etməyi və İran və Livana qarşı hərbi əməliyyatların bir daha bərpa edilməyəcəyi barədə təminatlar almağı tələb edir. İkinci mərhələdə İran münaqişənin başa çatmasından sonra Hörmüz boğazının idarə olunması məsələsinə toxunmağı təklif edir. Artıq üçüncü mərhələ isə Tehranın təşəbbüsünə görə, İranın nüvə proqramına aid olmalıdır. Diqqətçəkəndir ki, İran ilk iki bənd üzrə yekun razılıq əldə olunmadan nüvə məsələsini müzakirə etməkdən qəti şəkildə imtina edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vaşinqton   Tehran  


Bizi "telegram"da izləyin