Almaniya kansleri ABŞ-ni tənqid edib

2026/04/gfhgf-1777366636.jpg
Oxunub: 461     12:55     28 Aprel 2026    
Almaniya kansleri Fridrix Merts Vaşinqtonun İranla münaqişədən çıxış üçün aydın planının olmadığını və Tehranın üstünlük qazandığını müdafiə edib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Almaniya kansleri Fridrix Merts ABŞ-nin İranla apardığı müharibədə “alçaldıldığını” bildirərək Vaşinqtonun münaqişədən çıxış üçün aydın planının olmadığını və Tehranın üstünlük qazandığını qeyd edib. “Reuters” tərəfindən yayılan xəbərə görə, Marsberq qəsəbəsində tələbələrlə görüşən Merts mövcud vəziyyətin ABŞ üçün strateji dalana çevrildiyini vurğulayıb və prosesi keçmişdəki hərbi uğursuzluqlarla müqayisə edib.

Kansler Merts çıxışında ABŞ-nin hərbi strategiyasındakı ən böyük zəifliyin “çıxış strategiyası” çatışmazlığı olduğunu dilə gətirib. “Bu cür münaqişələrdə problem yalnız daxil olmaq deyil, çıxa bilməkdir. Bunu 20 il ərzində Əfqanıstanda və İraqda ağrılı şəkildə gördük”, - deyə Merts bildirib O, İran administrasiyasının və xüsusilə İnqilab Keşikçiləri Ordusunun prosesi “ustalıqla” apardığını və gözləniləndən daha güclü müqavimət göstərdiyini ifadə edib.

Müharibənin Almaniya iqtisadiyyatı üzərindəki mənfi təsirlərinə diqqət çəkən Merts deyib: “Bu münaqişə və İrana qarşı aparılan müharibə iqtisadi nəticəmiz üzərində birbaşa təsirə malikdir və bizə çox pula başa gəlir”. O, toqquşmaların sürətlə sona çatdırılmalı olduğunu müdafiə edib. Kansler qlobal neft təchizatı üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazında dəniz yollarının təhlükəsizliyini təmin etmək məqsədilə mina təmizləmə gəmiləri göndərməyə hazır olduqlarını, lakin bunun üçün əvvəlcə toqquşmaların dayanmalı olduğunu bildirib.

Almaniya xarici işlər naziri Yohann Vadeful isə Birləşmiş Millətlərdəki Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) toplantıları öncəsində etdiyi açıqlamada nüvə təhdidlərinin davam etdiyi bir mühitdə “inandırıcı çəkindirmə”yə ehtiyac olduğunu vurğulayıb. Bu kontekstdə Fransa və Almaniyanın nüvə çəkindirməsi mövzusunda əməkdaşlığı dərinləşdirmək qərarı Avropanın həm İran müharibəsi, həm də regional qeyri-sabitlik qarşısında duyduğu dərin narahatlığı əks etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   ABŞ  


Bizi "telegram"da izləyin