Ordu.az xəbər verir ki, bu barədə BBC mlumat yayıb.
Qiyamçılar şəhərin tam azad edildiyini və ona nəzarəti ələ keçirdiklərini elan ediblər.
Rusiyanın “Afrika Korpusu” Malinin şimalından qoşunların çıxarıldığını elan edib
Rusiya Müdafiə Nazirliyinin “Afrika Korpusu” hökumət əleyhinə qüvvələrin hücumlarından sonra Malinin şimal-şərqindəki Kidal şəhərindən çəkildiyini təsdiqləyib.
“Separatçı silahlıların və islamçı ekstremistlərin həftəsonu Mali boyunca koordinasiyalı hücumlara başlamasından sonra ölkədə hərbi hökuməti müdafiə etməyə kömək edən Rusiya qüvvələri qoşunlarını şimaldakı Kidal şəhərindən çıxardıqlarını təsdiqləyiblər”, - deyə nəşr yazır.
Sosial şəbəkələrdə bir sıra paylaşımlarda Rusiyanın “Afrika Korpusu” Mali qoşunları ilə birlikdə “ərazini tərk etdiklərini” bildirib.
Nəşrin qeyd etdiyinə görə, “Azavad Azadlıq Cəbhəsi” separatçı qrupu bazar günü Rusiya qüvvələrinin son çəkilməyə razılaşdığını bildirib və Kidal üzərində nəzarəti elan edərək şəhərin “indi azad” olduğunu bəyan edib.
“Rusiyanın “Afrika Korpusu” qoşunlarının Kidalı tərk etdiyini təsdiqləsə də, bazar ertəsi “X”dəki paylaşımlarda əməliyyatların ölkənin digər bölgələrində davam edəcəyi qeyd olunub, lakin əlavə təfərrüat verilməyib”, - deyə nəşr əlavə edir.
“Afrika Korpusu” döyüşçülərinin əksəriyyəti əvvəllər qitədə fəaliyyət göstərən və yerli hökumətlər tərəfindən üsyanları yatırmağa kömək etmək üçün cəlb edilən Rusiyanın “Vaqner” özəl hərbi şirkətinə məxsus idi.
Onların lideri Yevgeni Priqojinin 2023-cü ildə ölümündən sonra qrupun əməliyyatlarının əksəriyyəti Rusiya Müdafiə Nazirliyinin nəzarətinə keçib və yeni yaradılmış “Afrika Korpusu”nun əsasını təşkil edib.
“Afrika Korpusu”na Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov nəzarət edir, əməliyyatları isə hərbi kəşfiyyat olan QRU-da əsas fiqurlardan biri sayılan general-mayor Andrey Averyanov idarə edir.
“Rusiyanın yerli hökumətlərin hakimiyyətdə qalmasına kömək etməkdəki rolu tez-tez qızıl, almaz və uran kimi mühüm təbii resurslara çıxışla mükafatlandırılıb. “Vaqner” kimi, “Afrika Korpusu” da mülki əhaliyə qarşı çoxsaylı vəhşiliklər törətməkdə ittiham olunur”, - nəşr əlavə edir.
Malidə silahlı qruplar paytaxt Bamako da daxil olmaqla ölkənin bir neçə regionunda eyni vaxtda koordinasiyalı hücumlar həyata keçiriblər. Hərbçilər döyüşlərin davam etdiyini bildirirlər, yerli sakinlər isə əsas obyektlərin yaxınlığında partlayışlar və intensiv atəş səsləri eşidiblər.
Malinin müdafiə naziri general Sadio Kamara aprelin 25-də öldürülüb.
Sevinc Əliyeva
Ordu.az