Ermənistan parlamentinin qarşısında aksiya: “Hesabat açıqlanmasa, bu, cinayətin gizlədilməsi demək olacaq”

2026/04/Ekran-1776168797.jpg
Oxunub: 294     16:10     14 Aprel 2026    
İtkin düşmüş erməni hərbçilərin yaxınları bu gün Ermənistan parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onlar 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının hesabatının təqdim olunmasını tələb edirlər.

Erməni fəal Mikayel Markaryan jurnalistlərlə söhbətində bildirib: “Az əvvəl “Hayastam” fraksiyasının deputatları ilə görüşdüm, söz verdilər ki, sabah fraksiya cavab verəcək. Xatırladıram ki, əvvəlki iclaslarda bütün fraksiyalara rəsmi məktublar və müraciətlər ünvanlamışdıq ki, cavab versinlər: niyə parlament sədri Alen Simonyan 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının hesabatını özbaşına arxivə göndərib və məxfiləşdirib.

İşxan Sağatelyan söz verdi ki, sabah cavab olacaq. Ötən dəfə deputatların əksəriyyəti müsbət yanaşırdı, çoxları qəbul edirdi ki, hesabat açıqlanmalıdır, bəziləri məlumatsız idi, elə bilirdi ki, artıq açıqlanıb, bəziləri isə kifayət qədər kobud davrandı, bunun nəticəsində insident baş verdi. Bu gün biz cavabları almağa gəlmişik”.

Mikayel Markaryan qeyd edib ki, hesabat mütləq açıqlanmalı və cəmiyyət müharibə ilə bağlı bütün həqiqətləri bilməlidir: “Çünki qarşıdakı seçkilərdə həmin komissiyanın araşdırması nəticəsində açılmış cinayət işləri üzrə təqsirləndirilən şəxslər iştirak edəcək və onların yüksək vəzifələrə seçilməsi istisna edilmir.

Biz rəsmi olaraq ehtimal edirik ki, hamı günahsızdır. Araşdırmısınızsa, göstərin. Əgər hakimiyyət bunu gizlədirsə, deməli əsas günahkar elə hakimiyyətdir. Lakin müxalifət də bu tələbimizə qoşulmursa, bu da bizi qane etmir.

Əgər fraksiyalar razılaşırsa ki, hesabat gizli qalsın, o zaman ittihamlarımız bütün fraksiyalara yönələcək ki, cinayət gizlədilir. Parlament sədri köməkçisi vasitəsilə cavab verib ki, hesabat məxfidir. Bizim vəkil Harutyun Bağdasaryan isə daha geniş cavab verib və mahiyyət etibarilə bildirib ki, komissiya tamamilə məxfidir”.

O vurğulayıb ki, hazırda “Şərəfim Var” fraksiyasının və hakim fraksiyanın rəhbərləri Hayk Mamicanyan və Hayk Koncoryanı gözləyirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin