Erməni terrorçu: “Bu adam müharibəni xalqın başına gətirəcək, hətta sinəsinə yapışdırdığı xəritə belə bizə qarşıdır”

2026/04/1776156511.jpg
Oxunub: 482     17:53     14 Aprel 2026    
Nikol Paşinyan komanda üzvləri ilə birlikdə “təbliğat” avtobusu ilə şənbə-bazar günləri regionlara səfərlərini davam etdirir, özünün hazırladığı kiçik xəritəni erməni skainlərə hədiyyə edərək deyir: “Buyurun, götürün, bu, real Ermənistanın xəritəsidir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşrə görə, şənbə günü Nikol Paşinyan Lori vilayətində olub, erməni sakinlərdən biri ona çox birbaşa sual verib: “Sülh sizin hakimiyyətdə qalmağınızdanmı asılıdır, çünki deyirsiniz ki, iyunun 7-də “Vətəndaş Müqaviləsi” hakimiyyət qurmasa, müharibə olacaq”.

Erməni sakin hətta istehza ilə deyib: “Mən hər gün dua edirəm ki, birdən sizə nəsə olmasın, əks təqdirdə sülhümüz olmaz”.

Erməni terrorçu, ASLALA terror təşkilatının “Van” əməliyyatının komandiri Vazgen Sislyan nəşrə açıqlamasında deyib ki, Nikol Paşinyan bu bəyanatı ilə çox açıq şəkildə insanları hədələyir və qorxudur.

“Bu adam demişdi ki, mayın 28-də hərbi parad keçirəcək. Bu, müharibə gətirməyəcəkmi? Onun ritorikasına, bəyanatlarına görə belə şeylər müharibə gətirir. Deyir ki, “mən hakimiyyətdə olmasam, müharibə olacaq”. Bu, sadəcə xalqı qorxutmaqdır. Bu nə deməkdir, bu ölkədə sülh ondanmı asılıdır? Yəni o, ömürlük hakimiyyətdə qalmalıdır ki, birdən müharibə olmasın? Təqaüdçüyə də deyir ki, “mən olmasam, təqaüd almayacaqsan”. Bu nə deməkdir? Bu, çox sadədir, vətəndaşı sıxmaq və qorxutmaq üsuludur. Bu adamın bu addımları mənim üçün qəbuledilməzdir”, - deyə Sislyan “168.am”a müsahibəsində bildirib.

Onun fikrincə, Ermənistanın indiki hakimiyyətinin bütün addımları, bəyanatları və gördüyü işlər artıq Ermənistanın başı üzərində asılmış müharibədir.

“Bu müharibəni məhz o, xalqın başına gətirəcək. Ona görə ümid edirəm ki, seçilməyəcək. Kim seçiləcək, bu artıq başqa məsələdir. Ümid edirəm ki, o seçilməyəcək, artıq kifayətdir. Dünyada qanun var ki, prezident iki dəfə seçilir, o isə artıq dördüncü dəfə gedir, diktatura qurur və qoy deməsin ki, Ermənistanda demokratiya var.

Bir şeyi də əlavə edim, mənim üçün Ermənistanda parlament sistemi qəbuledilməzdir, prezident sistemi olmalıdır və qanunla ən azı 2 dəfə seçilməlidir”, - deyə Sislyan vurğulayıb.

Nikol Paşinyanın müharibə ilə bağlı bəyanatları və hüquq-mühafizə orqanlarının bu məsələdə rolu ilə bağlı suala cavab olaraq Sislyan bildirib ki, təəssüf ki, hüquq-mühafizə orqanları müstəqil deyil.

“O özü deyirdi ki, elə hakim varmı ki, onun dediyini etməsin? Bu o deməkdir ki, bizim ədliyyə sistemi müstəqil deyil ki, nəsə etsin və ya faktları onun qarşısına qoysun. Eyni şey Konstitusiya Məhkəməsinə də aiddir. Erməni xalqı müstəqilliyə səs verdi, müstəqil olmaq istədi, amma bu adam gəlib və Müstəqillik Bəyannaməsini çıxarmağa qərar verib, bununla xalqın seçiminə qarşı gedir. Bu adam məni və mənim kimi vətəndaşları aldadır, biz bu ölkənin vətəndaşı deyilikmi?

Yenə deyirəm, mən böyük ümid edirəm ki, bu adam seçilməyəcək. Bu hakimiyyət mənim mübarizə apardığım ideyaların tam əks tərəfindədir, mən necə onların tərəfdarı ola bilərəm? Onların tərəfdarı o zaman ola bilərəm ki, bu ölkə, dövlət üçün işləsinlər, amma belə deyil. Hətta onun sinəsinə yapışdırdığı xəritə də bizə qarşıdır.

Nəticə etibarilə, bu adam ölkəni idarə etmir, o sadəcə insanları aldadır, ümid edək ki, seçilməyəcək”, - deyə Sislyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sislyan   Ermənistan  


Bizi "telegram"da izləyin