Erməni türkşünas: “Paşinyanın dəvətinə baxmayaraq, Ərdoğan İrəvana gəlməyəcək”

2026/04/1776152311.jpg
Oxunub: 268     15:58     14 Aprel 2026    
“Nikol Paşinyanın dəvətinə baxmayaraq, Ərdoğan mayın 4-də keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak etmək üçün İrəvana gəlməyəcək”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Mher Abrahamyan deyib.

“Düşünürəm ki, Ərdoğan heç vaxt İrəvana gəlməyəcək. Bundan əlavə, hazırda regionda ciddi rola malik olduğu üçün o, heç vaxt Ermənistana gəlməz”, - deyə Abrahamyan bildirib.

İslamabadda keçirilmiş ABŞ-İran danışıqları barədə danışan erməni ekspert qeyd edib ki, əvvəlcədən də məlum idi ki, bu görüşlər nəticə verməyəcək.

Onun sözlərinə görə, bu, tərəflərin bir-birinin mövqeyini yoxlaması cəhdi idi.

“Regionda hərbi əməliyyatlar hələ davam edəcək. Türkiyənin İrana qarşı müharibəyə qoşulacağını düşünmürəm, lakin əgər bu baş verərsə, bu, Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirilə bilər.

Türkiyə diplomatiyasını çox peşəkar şəkildə tətbiq etdi. NATO-da yeganə müsəlman ölkə olaraq Türkiyə həm İslam dünyasındakı mövqeyini, həm ABŞ ilə münasibətlərini, həm də İranla əlaqələrini ustalıqla istifadə etdi. Türkiyə üçün əsas məsələ regionda kimin üstünlük qazanacağını anlamaqdır. Türkiyə səhv etmədi və bu müharibədə daha çox çəkindirmə xarakterli diplomatiya nümayiş etdirdi, müxtəlif danışıqlarda iştirak edərək öz maraqları üçün dividendlər qazanmağa çalışır.

Əgər Türkiyə bu müharibəyə qoşularsa, bu, daha geniş miqyaslı qlobal müharibəyə gətirib çıxaracaq. Türkiyə müharibəyə daxil olarsa, bu, rəsmi olaraq Üçüncü Dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirilə bilər. Mən düşünmürəm ki, Türkiyə İrana qarşı hərbi əməliyyatlara başlayacaq, çünki bu halda digər oyunçular da kənarda qalmayacaq”, - deyə Abrahamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan  


Bizi "telegram"da izləyin