Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “44 günlük müharibə zamanı polis və penitensiar müəssisə əməkdaşları arasında fərarilik və mövqelərin tərk edilməsi üzrə neçə hadisə olub? Eksklüziv sənədlər” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, 44 günlük müharibə günlərində, 2020-ci il oktyabrın 26-da Ermənistan polisi bəyanat yayaraq sosial şəbəkələrdə yayılan videoya münasibət bildirmişdi.
“Həmin videoda ön xətdə olan polis əməkdaşı yerləşmə və məişət şəraitindən narazılıq edirdi. Polis o vaxt bildirmişdi ki, video müharibənin ilk günlərində çəkilib, həmin vaxt komplektləşdirmə əməliyyatlarının təcili xarakter daşıması müəyyən problemlər yaradıb, lakin sonradan bütün problemlər həll olunub və döyüş növbətçiliyi qısa müddətdə nizamlı xarakter alıb.
“Vətəndaşlarımızı halları yoxlamadan bu cür materialları yaymamağa, ayrı-ayrı halları ümumiləşdirməməyə, belə materiallar barədə müvafiq orqanlara məlumat verməyə çağırırıq. Həmin video ilə bağlı xidməti araşdırma davam edir. Araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək”, - deyə polis bəyanatında qeyd olunmuşdu.
Əlavə edək ki, 2020-ci il müharibəsi günlərində Milli Təhlükəsizlik Xidmətinin bölmələri ilə bağlı ittihamlar bu gün Bakıda olan “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “rəhbəri” Arayik Arutyunyan tərəfindən də səsləndirilmişdi. O bildirmişdi ki, 44 günlük müharibə zamanı “Yeğnikner” istiqamətinə getmək barədə onun müraciəti Milli Təhlükəsizlik Xidmətinin bölməsi tərəfindən rədd edilib”, - deyə nəşr bildirib.
Məqaləyə görə, 2022-ci ildə isə Ermənistan MTX bu məsələ ilə bağlı bildirmişdi ki, cinayət işi başlanmayıb, lakin xidməti araşdırma aparılıb.
“Eyni məsələ ilə bağlı 2025-ci ildə sorğumuza cavab olaraq MTX qeyd edib: “Cinayət işlərinin mövcudluğu ilə bağlı məlumat almaq üçün istintaq orqanına müraciət edə bilərsiniz”.
Hər halda, keçmiş rəhbərin müraciətinin rədd edilməsi faktı üzrə MTX əməkdaşlarına qarşı hər hansı cinayət işi və ya onların arasında fərarilik halları barədə məlumat yoxdur.
Bunun əvəzində 44 günlük müharibə ilə bağlı polis əməkdaşlarına aid eksklüziv sənədlər əldə olunub. Bu sənədlər xüsusilə Ermənistan polisinin Armavir vilayət idarəsinin 100-dən çox əməkdaşına aiddir. Onlar hərbi vəziyyət şəraitində Qarabağa getdikdən sonra hərbi xidmətdən imtina etmiş, lakin nəticədə cinayət məsuliyyətindən azad edilmişdilər.
Müvafiq qərarda qeyd olunur ki, onlar 2020-ci il oktyabrın 4-də döyüş əməliyyatlarında iştirak etmək üçün Cəbrayıla yollanıblar, lakin oktyabrın 7-də qrup halında hərbi xidmətdən, o cümlədən döyüş əməliyyatlarında iştirak etmək vəzifəsindən imtina ediblər və faktiki olaraq bunu dayandırıblar.
Bundan əlavə bildirilir ki, göstərilən əraziyə çatdıqdan sonra onlar təpələrdə yerləşdirilib, tabor və bölük üzrə 4-5 km uzunluğunda düz xətt üzrə düzülüb yarımuçuq səngərlər qazmağa başlayıblar. Bu səngərlərin dərinliyi 40-50 sm olub və yalnız uzanmış vəziyyətdə rəqib tərəfindən görünməmək mümkün idi. Qeyd olunur ki, onlar iki gün bu ərazidə qalıb, yağışla dolmuş səngərlərdə olub, heç bir birbaşa döyüş əməliyyatında iştirak etməyib, bu müddətdə ərzaqları da tükənib, heç bir göstəriş almayıblar və əlavə qüvvə də gətirilməyib”, - deyə müəllif vurğulayıb.

Nəşr qeyd edib ki, burada təsvir olunanlar müharibə günlərində mühüm istiqamətlərdə tam xaos və ya təşkil olunmuş nizamsızlıq olduğunu təsdiqləyir və bu şəraitdə müharibədə məğlubiyyət təəccüblü deyil.
“Digər tərəfdən, bu kimi hallar 18-20 yaşlı əsgərlərin, zabitlərin və komandanlığın qəhrəmanlığını daha da qabardır. Baxmayaraq ki, Anna Hakopyan və Nikol Paşinyan fərarilik dedikdə əsasən ordunu və hərbçiləri nəzərdə tuturlar. Əlbəttə, ədalət naminə qeyd olunmalıdır ki, 44 günlük müharibədə polis 40-dan çox canlı itki verib və onların arasında “döyüşənlər” də olub.
Bundan başqa, bizim əlimizdə Ədliyyə Nazirliyinin penitensiar xidmətinin müxtəlif müəssisələrinin təxminən 200 əməkdaşına dair eksklüziv sənədlər də var. Onlar 2020-ci ilin oktyabrında, Qarabağda müharibə zamanı, hərbi vəziyyət şəraitində hərbi xidmətdən tamamilə yayınmaq məqsədilə onlara verilmiş silahlarla öz mövqelərini özbaşına tərk edərək hərbi hissələrə qayıdıb, silahlarını təhvil verib ön xəttə getməkdən imtina ediblər, lakin sonradan cinayət məsuliyyətindən azad ediliblər.
Qeyd edək ki, 2020-ci il oktyabrın 5-də ovaxtkı ədliyyə naziri Rustam Badasyan və Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Artur Qoyunyanın iştirakı ilə penitensiar xidmətin könüllü birləşməsinin cəbhəyə yola salınması mərasimi keçirilmişdi”, - deyə məqalədə bildirilib.
“168.am” xatırladıb ki, nəşr müharibə zamanı Tavusda müqaviləli erməni hərbçilərin yolunun bağlanması barədə də yazmışdı və bu fakt üzrə ittiham olunanlar var idi.
“Daha sonra məlumat yayılmışdı ki, 3-cü ordu korpusunun 18 hərbçisinə ittiham irəli sürülüb, onlar müharibə günlərində kollektiv şəkildə Qarabağa getməkdən imtina etmişdilər. Məlumatlara görə, onların arasında da bəraət alanlar var, lakin bu, ayrıca müzakirə mövzusudur”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az