Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Henaket” analitik mərkəzinin eksperti Şiraz Xaçatryan deyib.
Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazda əsas təşkilatçı qüvvəyə çevrilməyə çalışır, Moskva isə tarazlaşdırıcı, bəzən də maneə yaradan qüvvə kimi qalmağa cəhd edəcək.
“Məsələ genişdir, amma qısa və əsas xətlərlə ifadə etsək, mənzərə təxminən belədir. Türkiyənin regiondakı rolu artmaqda davam edir, Rusiya artıq Cənubi Qafqazda əvvəlki monopol mövqeyə malik deyil və burada Qərbin və ABŞ-nin dəstəyi ilə yeni bağlantı xətlərinin yaradılması məntiqi faktiki olaraq həm Rusiyanın, həm də İranın məhdudlaşdırıcı təsirini aşmağa yönəlib. Bu mənada Türkiyə addım-addım Moskvanı əvəz edərək regionun əsas təşkilatçı qüvvəsinə çevrilməyə çalışır. Rusiya baxımından isə aydındır ki, o, əvvəlki mütləq nəzarət mövqeyinə qayıtmayacaq. Amma bu o demək deyil ki, o, geri dönməz şəkildə regiondan sıxışdırılıb. Moskva Qafqazda hələ də saxladığı rıçaqlardan, yəni təhlükəsizlik əlaqələri, enerji asılılıqları, ikitərəfli razılaşmalar və böhranları idarəetmə təcrübəsindən istifadə edərək tarazlaşdırıcı, bəzən də maneə yaradan qüvvə kimi qalmağa çalışacaq.
Yəni Rusiyanın rolu azalıb, amma yox olmayıb. Bu rol daha çox “monopol nəzarətçi” modelindən “tarazlaşdırıcı oyunçu” modelinə keçir”, - deyə Xaçatryan qeyd edib.
O bildirib ki, Azərbaycan üçün Türkiyənin güclənməsi imkandır.
“İmkandır, çünki Bakı daha dərindən Orta Dəhlizin əsas arxitekturasına daxil olur və Cənubi Qafqazda mühüm enerji və logistika qovşağına çevrilir.
Regiona gələn ABŞ üçün isə Türkiyənin artan rolu ikili məna daşıyır. Bir tərəfdən bu, faydalıdır, çünki Türkiyə Rusiyanı və müəyyən dərəcədə İranın təsirini cilovlamağa kömək edir, həmçinin Qərbin iqtisadi və strateji maraqlarına uyğun kommunikasiya layihələrinin irəliləməsinə şərait yaradır. Digər tərəfdən, Ankara heç vaxt tamamilə Amerika qaydaları ilə hərəkət etmir. Türkiyə öz gündəliyini, öz regional iddialarını irəli sürməyə çalışır və bəzən Qərb dairələrinə qarşı kifayət qədər ziddiyyətli davranış nümayiş etdirir. Qısası, regionda yeni rəqabətli tarazlığın formalaşması mərhələsindəyik. Türkiyə güclənir, Rusiya geri çəkilir, amma oyunda qalır, Azərbaycan qazanır, ABŞ isə vəziyyətdən istifadə etməyə çalışır. Bütün bu yenidən bölgüdə ən vacib məsələ Ermənistanın bu regional dəyişikliklərdən nə dərəcədə yararlana bilməsidir”, - deyə Xaçatryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az