Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakobyan Paşinyan-Putin görüşündən sonra hakimiyyətlə hansısa formada əlaqələndirilən sahibkarların ciddi problemlərlə üzləşəcəyi və bir çox məhsulun Rusiyaya ixracının mümkün olmayacağı barədə məlumatlara münasibət bildirərkən deyib.
“Xüsusilə Lars keçid məntəqəsindən keçərkən fitosanitar məsələlər yaranır, məsələn, konkret məhsullar müəyyən tələblərə cavab verməlidir, bu tələblər vaxtaşırı sərtləşdirilir, vaxtaşırı yumşaldılır. Yəni bu, normal prosesdir və biz vergi ödəyicilərimizə və biznesmenlərimizə tövsiyə edirik ki, bu tələblərə riayət etsinlər. Ötən il iki əsas problem qeydə almışıq: bəzi hallarda məhsul partiyaları bu tələblərə uyğun olmur, bəzi hallarda isə rus tərəfi sual qaldırır ki, məhsulun təchiz olunduğu sahibkar niyə düzgün göstərilməyib.
Adətən gündəmdə olan bu iki qrup problemdir və onlar idarəolunandır. Belə hallarda biz, xüsusilə gömrük sahəsində, rus tərəfdaşlarımızla müzakirələr aparırıq”, - deyə o qeyd edib.
“Bu problemlərin arxasında siyasi motivlərin olduğunu istisna edirsinizmi və bu, iqtisadiyyatımıza nə dərəcədə təsir edə bilər?” sualına Hakobyan belə cavab verib: “İcazənizlə siyasi motivlərə toxunmaq istəmirəm, lakin aydındır ki, dünyada kəskin və ya əhəmiyyətli dəyişikliklər baş verəndə bunların müxtəlif səbəbləri olur. Əgər Rusiyanın nəzarət orqanları müəyyən tapşırıq alırsa və ya özləri qərar verirlərsə ki, vaxtaşırı sərtləşdirmələr etsinlər, buna görə də biz vergi ödəyicilərimizə və biznesmenlərimizə qaydalara əməl etməyi tövsiyə edirik. Çünki qaydalara əməl etmək istənilən vəziyyətdə dövlətin onların yanında dayanmasına imkan verir.
Əgər vəziyyət yaranırsa ki, qaydalara əməl etmədiyinə görə sahibkar özü günahkardır, o zaman bizim səviyyədə tərəfdaşlarımızla danışıqlar aparmaq və həll yolları tapmaq çox çətin olur. Nə baş verəcəyinə isə tətbiq olunacaq sərtləşdirmələrin səviyyəsi, xüsusilə nəzarət baxımından müəyyən edəcək.
Ötən ilin problemləri əvvəlki illərlə müqayisədə kifayət qədər böyük idi və müəyyən dərəcədə ixrac həcmlərimizə, xüsusilə konyak ixracına mənfi təsir göstərdi. Lakin siz də gördünüz ki, iqtisadiyyat ciddi zərər görmədi, iqtisadi dinamika üzərində təsir daha məhdud oldu, çünki zamanla həm Gürcüstan, həm də Rusiya ilə həll yolları tapa bildik.
Hazırkı rejim də budur, qaydalara riayət etmək, obyektiv olmayan hallarda sahibkarların yanında dayanmaq və rus tərəfdaşlarla birlikdə həll yolları tapmaqdır”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az