Dövlət sərhədlərimizdə nadir görüntü: bəbir sərhədçilərimiz tərəfindən müşahidə edildi (VİDEO)

2026/04/Ekran-1775543880.jpg
Oxunub: 5763     10:36     07 Aprel 2026    
Azərbaycan Respublikasının dövlət sərhədinin fasiləsiz müşahidəsi zamanı nadir və diqqətçəkən hadisə qeydə alınıb. Sərhəd zolağı boyunca yerləşən ərazilərdən birində Qafqaz bəbiri sərhədçilər tərəfindən müşahidə olunaraq qeydə alınıb.

Ordu.az-ın məlumatına görə, sərhədçilərimizin yüksək ayıqlığı və peşəkarlığı nəticəsində əldə edilən bu görüntülər həm təhlükəsizlik, həm də təbiətin qorunması baxımından əlamətdar hadisə kimi qiymətləndirilir.

Belə nadir növün məhz Yardımlı rayonunun dağlıq ərazilərində sərhəd zolağı boyunca görünməsi həmin ərazilərdə ekoloji balansın qorunduğunu və insan təsirinin minimum səviyyədə olduğunu göstərir. Bu isə öz növbəsində vəhşi təbiətin, xüsusilə nadir yırtıcıların yaşaması üçün əlverişli mühitin mövcudluğuna işarədir.

Qeyd edək ki, Qafqaz bəbiri Qafqaz regionu üzrə ən nadir və mühafizə olunan yırtıcılardan biri hesab olunur. Onun sayının az olması səbəbilə hər hansı ərazidə qeydə alınması alimlər və ekoloqlar tərəfindən mühüm hadisə kimi dəyərləndirilir.

Hadisə bir daha göstərir ki, Azərbaycanın dövlət sərhədlərində təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunmaqla yanaşı, bu ərazilərdə təbiətin nadir inciləri də qorunur. Sərhədçilərimizin ayıq-sayıqlığı yalnız ölkənin təhlükəsizliyinə deyil, eyni zamanda biomüxtəlifliyin mühafizəsinə də mühüm töhfə verir.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   DSX   Sərhəd  


Bizi "telegram"da izləyin