Tehran-Tbilisi xəttində diplomatik gərginlik: gizli təhdid, açıq cavab

2026/04/1775326501.jpg
Oxunub: 666     22:16     04 Aprel 2026    
“Gürcüstan digər ölkələrin bir-biri ilə hesablaşa biləcəyi platforma deyil. Aydındır ki, belə bir istək və ya tapşırıq mövcuddur, ABŞ ilə İran arasında mövcud münasibətlər də göz qabağındadır. Lakin hər kəsi çağırıram ki, Gürcüstan ərazisindən və ya Gürcüstanda mövcudluq faktından bir-biri ilə münasibətləri aydınlaşdırmaq üçün istifadə etməsinlər”. Gürcüstanın “Apsny” onlayn xəbər portalının məlumatına görə, aprelin 3-də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlər üçün belə bir açıqlama verib.

KİV “ehtimal edib” ki, bu açıqlamanın ünvanı Gürcüstandakı İranın fövqəladə və səlahiyyətli səfiri Əli Mocanidir. O, martın 31-də bildirib ki, ABŞ-nə İran əleyhinə fəaliyyətlər üçün öz ərazilərini təqdim edən bütün ölkələr “tez və ya gec cavab verməyə məcbur olacaqlar”. Gürcüstan mediasının məlumatına görə, Mocaninin bu açıqlaması Gürcüstan ictimaiyyətinin “geniş dairələri tərəfindən Gürcüstana qarşı gizli təhdid kimi qəbul edilib”.

apsny-nin məlumatına görə, Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığından sonra “məlum olub ki, Tbilisi hava limanına ABŞ-nin hərbi-nəqliyyat təyyarəsi eniş edib”. Məlumata əsasən, bu təyyarə “Ramştayn-Tbilisi reysi həyata keçirib”. Ramştayn Almaniyada yerləşən ABŞ hərbi bazasının yerləşdiyi məkandır.

Görünür, Gürcüstandakı İran səfiri məhz bu faktı nəzərdə tutub. Həmin gün o, Gürcüstan Xarici İşlər Nazirliyinə dəvət olunub və böyük ehtimalla ona jurnalistlər üçün parlament sədri Papuaşvilinin səsləndirdiyi mövqenin eyni bildirilib. Rəsmi Tbilisi isə, buna uyğun olaraq, ölkəni “silahlı münaqişələrdən uzaq saxlamağı, Ukrayna müharibəsində olduğu kimi davranmağı, əvvəlki kimi hərəkət etməyi” hədəfləyir.

Belə hallarda, əlbəttə, yalnız ifadələr deyil, həm də istifadə olunan sözlər son dərəcə dəqiqliklə seçilir. Lakin faktdır ki, ilin əvvəlindən Gürcüstan-ABŞ münasibətlərində “irəliləyiş var”. Fevralın 6-da ABŞ-nin vitse-prezidenti Vens Ermənistan və Azərbaycana səfərindən əvvəl Milanda Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüş keçirib. İrana qarşı müharibədən bir ay sonra Gürcüstanın baş naziri Kobaxidze ilə ABŞ dövlət katibi Rubionun telefon danışığı baş tutub. Bundan sonra Ramştayndan ABŞ hərbi-nəqliyyat təyyarəsinin Tbilisiyə uçuşu, hətta İranla müharibə ilə birbaşa əlaqəsi olmasa belə, Tehranda ən azı narahatlıq doğurmaya bilməz.

Ümid etmək olar ki, Gürcüstan-İran “insidenti” diplomatik təmaslar çərçivəsində tənzimlənəcək. Görünür, İrana qarşı hərbi əməliyyatlar hələ davam edəcək. Mövcud vəziyyətdə əsas vəzifə ondan ibarətdir ki, Cənubi Qafqaz həqiqətən də digər ölkələrin “münasibətləri aydınlaşdırmaq” platformasına çevrilməsin.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Tbilisi   ABŞ  


Bizi "telegram"da izləyin