Erməni analitik: “Bu, mənə daha çox Tramp-Zelenski görüşünü xatırlatdı… Putin dərhal şərt irəli sürdü”

2026/04/1775207434.jpg
Oxunub: 294     15:30     15 Aprel 2026    
“Paşinyanın Moskvaya səfərinin əsas məqsədi sadəcə “razılıq” almaq yox, Rusiyanın mövqeyini anlamaq idi”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnoloq, analitik Vigen Hakobyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan üçün Rusiyanın mövqeyi istisna olmaqla bütün geosiyasi və regional oyunçuların davranışı təxminən hesablanmış və proqnozlaşdırılan idi.

Erməni siyasi texnoloqun qiymətləndirməsinə görə, məsələn, Paşinyan üçün aydındır ki, Avropa onu dəstəkləyir.

“Lakin onun üçün xoş olmayan məqam ondan ibarətdir ki, Avropa regionumuzda faktiki olaraq yerində təmsil olunmur və avropalıların siyasi baxımdan edə biləcəyi maksimum şey Paşinyanın mümkün bütün qanunsuz addımlarına göz yummaqdır və s.”, - deyə Hakobyan vurğulayıb.

Onun sözlərinə görə, bu məsələdə ABŞ və İrandan da fəallıq gözləmək lazım deyil.

“Onlar kifayət qədər qarışıq vəziyyətdədirlər. O, Azərbaycan və Türkiyənin dəstəyinə arxayındır. Rusiya Federasiyasının mövqeyi qalır ki, bu da tamamilə qeyri-müəyyəndir. Çünki heç nə etməməkdən tutmuş, hansısa addımlar atmağa qədər Rusiyanın imkanları geniş diapazona malikdir. Məhz buna görə də Putinlə görüşərək onun mövqeyini anlamağa qərar verdi”, - deyə Hakobyan qeyd edib.

“Paşinyan nəyi anladı?” sualına cavab olaraq polittexnoloq bildirib: “Məncə, o anladı ki, Rusiya ilə bağlı kifayət qədər ciddi problemləri var”.

Erməni ekspert görüşün formatına da diqqət çəkərək bildirib ki, adətən görüşlərin rəsmi hissəsi uzun çəkmir, lakin bu halda 20-25 dəqiqəyə qədər uzanıb.

“Bu, mənə daha çox Tramp-Zelenski görüşünü xatırlatdı. Əlbəttə, burada məsələ birbaşa mübahisəyə qədər getmədi və fərq də ondan ibarət idi ki, Ağ Evdə Zelenskiyə hətta nahar da verilməmişdi, Paşinyana isə verildi.

Putin dərhal gündəliyə keçdi, seçki mövzularından başladı və bütün problemli gündəliyi özü irəli sürdü: energetika, qaz təchizatı, Avropa İttifaqı ilə münasibətlər, prorusiya yönümlü siyasətçilərin təqibi. Putin dərhal şərt qoydu: Moldova ssenarisini unutmaq və s.”, - deyə o bildirib.

Hakobyan hesab edir ki, Paşinyana xarici kuratorları məsləhət görmüşdülər ki, o, özünü Zelenskinin Tramp qarşısında apardığı kimi aparsın.

“Etiraz etmək, bəzən sərt danışmaq, daxili auditoriya qarşısında qəhrəman və geri çəkilməyən obraz yaratmaq üçün eyni taktika idi. Lakin düşünürəm ki, Zelenski məsələsində olduğu kimi, burada da nəticələr oxşar ola bilər”, - deyə erməni analitik sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakobyan   Ermənistan  


Bizi "telegram"da izləyin