Ordu.az xəbər verir ki, bu barədə “Dw.com” “Ermənistan hakimiyyəti niyə yeni Konstitusiya hazırlayır?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Ermənistan Konstitusiyasına dəyişiklik, görünür, hakim partiyanın seçki proqramının əsas elementi hesab olunur.
“Ekspertlər hesab edirlər ki, əsas məqsəd Əsas Qanunun preambulasından Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadı çıxarmaqdır. Rəsmi Bakı bunu mütəmadi olaraq tələb edib və bu, sülh sazişinin imzalanmasının əsas şərtlərindən biri kimi irəli sürülür. Eyni zamanda, konstitusiya islahatlarını sırf suveren dövlətin daxili işi adlandıran Nikol Paşinyan faktiki olaraq layihəyə məhz Bakının israr etdiyi dəyişikliyi daxil edib. Əsas Qanunun yeni preambulasının sızdırılan layihəsində Müstəqillik Bəyannaməsinə istinad yer almır. Hakimiyyət bu yayımla bağlı açıqlama verərək bildirib ki, mediada yayılan mətn “dərc olunması üçün nəzərdə tutulmuş son sənəd deyil”.
Konstitusiya dəyişiklikləri mövzusu Ermənistan üçün yeni deyil. Bu məsələ Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsinin ilk günlərindən etibarən praktiki olaraq gündəmə gətirilib. Həmin dövrdə bu məsələ əsasən idarəetmə forması ilə bağlı ideya kontekstində vaxtaşırı səngiyir və yenidən aktuallaşırdı. Lakin 2020-ci ildə baş verən 44 günlük müharibədəki məğlubiyyətdən sonra bu proses tamamilə fərqli məzmun və kontekst qazanıb”, - deyə nəşr bildirib.
Erməni siyasi analitik Boris Navasardyan “Dw.com”a müsahibəsində deyib: “Paşinyanın əvvəlki müzakirələr və debatlar kontekstində Konstitusiyaya xüsusi marağı olmayıb. Ermənistanın məğlub olduğu 44 günlük müharibədən sonra konstitusiya dəyişiklikləri mövzusu Azərbaycanla təhlükəsizlik və sülhə nail olmaq məsələsi ilə bağlı əlavə əhəmiyyət qazanıb və mən hesab edirəm ki, hazırkı konstitusiya islahatlarının irəlilədilməsinin əsas hərəkətverici qüvvəsi də məhz budur”.
KİV-ə görə, Nikol Paşinyan mövcud vəziyyəti kəskin şəkildə təsvir edərək bildirib ki, indiki kursun qorunması qaçılmaz olaraq Azərbaycanla yeni müharibəyə gətirib çıxaracaq.
“Müxalif qüvvələri “Azərbaycanla münasibətlərin normallaşdırılması üzrə mövcud kursu yenidən nəzərdən keçirmək istəyənlər” kimi xarakterizə edən Paşinyan bəyan edib ki, siyasi rəqibləri ya sülh şərtlərini yenidən nəzərdən keçirmək, ya da “onları güc yolu ilə diktə etmək” niyyətindədir. Onun fikrincə, mövcud geosiyasi şəraitdə belə yanaşma yalnız bir nəticəyə, yeni müharibəyə gətirib çıxara bilər. “Əgər xalq qərar verərsə ki, “Qarabağ hərəkatı” (erməni separaizmi-red.) davam edir, bu, müharibə deməkdir, çünki “Qarabağ hərəkatı” müharibədir. Əgər qərar verərsə ki, sülh olmalıdır, deməli “Qarabağ hərəkatı”nı davam etdirmirik, seçim çox sadədir”, - deyə baş nazir bildirib. O, həmçinin qeyd edib: “Mən Ermənistanın baş naziri kimi, belə adlandırılan “tarixi ədalətin bərpası” gündəmindən imtina edirəm, çünki hesab edirəm ki, biz real ədalətin ardınca getməliyik, tarixi ədalətin bərpasının yox. Biz nə qədər tarixi ədalətin ardınca getmişiksə, bir o qədər yeni tarixi ədalətsizliklərlə üzləşmişik”.
“Tarixi ədalətin bərpası” ilə bağlı müddəa Ermənistanın 1990-cı il avqustunda qəbul edilmiş Müstəqillik Bəyannaməsində təsbit olunub”, - deyə məqalədə vurğulanıb.
Nəşr yazıb ki, bu sənəd Sovet İttifaqının dağılması dövründə “erməni dövlətçiliyinin bərpasının başlanğıcını simvolizə edən tarixi sənəddir”.
“Lakin Paşinyan bildirir ki, Müstəqillik Bəyannaməsi hazırkı formada “münaqişə və asılılıq bəyannaməsidir”, çünki onun daxilində “qonşularla qarşıdurma məntiqi” yerləşdirilib və bu, Ermənistanı qaçılmaz olaraq xarici himayədarlar axtarmağa məcbur edir, “dövlətin uzunmüddətli mövcudluğunu xarici yardım olmadan mümkünsüz edir”.
Hökumətin rəqibləri isə bu yanaşma ilə qəti razılaşmır və baş nazirin ritorikasını “müharibə ilə şantaj” kimi qiymətləndirirlər. Müxalif qüvvələr məsələnin mənəvi tərəfini də önə çəkirlər. Onların fikrincə, hakimiyyəti dövründə Ermənistanın iki müharibə və bir sıra sərhəd hücumları yaşadığı siyasi qüvvə sülhün təminatçısı kimi çıxış etmək üçün mənəvi hüququnu itirib.
Qarabağa istinadın və Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması hökumətin tənqidçiləri tərəfindən kapitulyasiya, milli maraqlara xəyanət və Azərbaycanın ultimatumlarının yerinə yetirilməsi kimi qiymətləndirilir. Onların fikrincə, bu tələblər bununla bitməyəcək və gələcəkdə əlavə güzəştlər tələb olunacaq”, - deyə nəşr bildirib.
KİV qeyd edib ki, Konstitusiya islahatları şurasının üzvü və müxalif “İşıqlı Ermənistan” partiyasının lideri, komissiyanın iclaslarını boykot etmiş Edmond Marukyan yeni Konstitusiyanın qəbul edilməsi təşəbbüsünü Bakının tələblərinin yerinə yetirilməsi kimi qiymətləndirir.
“Ermənistan Konstitusiya Məhkəməsinin Konstitusiyanın mətnində hər hansı qonşu ölkəyə qarşı ərazi iddialarının olmadığı qeyd olunan qərarından sonra bu məsələ bağlanmalı idi. Lakin İlham Əliyev bu məsələni bağlamayıb və konstitusiya dəyişikliklərini tələb etməyə davam edir. Bizim hakimiyyət faktiki olaraq İlham Əliyevin göstərişlərini yerinə yetirir”, - deyə o, “Dw.com”a bildirib.
Marukyan qeyd edib ki, mövcud şəraitdə yeni Konstitusiya ilə bağlı mümkün referendumun istənilən nəticəsi Ermənistan üçün ciddi problem yaradacaq. Eyni zamanda, Ermənistan vətəndaşları hazırda hakimiyyətin Konstitusiyada konkret olaraq hansı dəyişiklikləri planlaşdırdığı barədə, Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması istisna olmaqla, az məlumata malikdir.
Boris Navasardyanın sözlərinə görə, elan edilən dəyişiklik də siyasi kontekstə görə cəmiyyət tərəfindən əsasən mənfi qarşılanır. “Çünki hətta bu cür dəyişiklikləri prinsip etibarilə məqbul və bəlkə də məqsədəuyğun hesab edənlər belə görür ki, onlar xarici təzyiq altında həyata keçirilir. Bu isə, əlbəttə, cəmiyyəti qane edə bilməz”, - deyə erməni analitik qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az