Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor və enerji təhlükəsizliyi üzrə mütəxəssis Vahe Davtyan deyib.
Onun sözlərinə görə, beləliklə, ABŞ-nin yeni milli təhlükəsizlik strategiyası sənədində yer alan bütün fundamental məqamlar tamamilə əsassızdır.
“Bu, bir şeyi göstərir: geoiqtisadi komponent yeni formalaşmış dünya nizamının mərkəzində olacaq: ya İran olmayacaq, ya da Yaxın Şərqdə əsas oyunçu kimi çıxış etməyəcək və 2018-ci ildə imzalanmış Xəzər Konvensiyasını və ya 1982-ci il Dəniz Konvensiyasını təsdiqləyəcək İran olacaq. Əsas geoiqtisadi siyasəti arxaik güc tətbiq etməklə həyata keçirmək cəhdləri ilə qarşılaşırıq. Bu, Dərin Dövlətin ABŞ-də fəaliyyətini davam etdirdiyini göstərir.
ABŞ artıq İrana qarşı təcavüzünün bir məqsədi güddüyünü gizlətmir: İranın neft və qaz ehtiyatlarına nəzarət. Əslində, Vaşinqton həmişə İran neftinə və ehtiyatlarına qarşı həddindən artıq həssas olub. 1950-ci illərdə Britaniyanın İrandakı mövqeyi zəiflədikdə, ABŞ İranda ilk rəngli inqilab həyata keçirdi və nəticədə millətçi İranın Baş naziri Məhəmməd Müsəddiq həbs edildi və İranın bütün neft və qaz ehtiyatları bir neçə Qərb aktoru arasında bölüşdürüldü. Bu konfiqurasiya 1979-cu ilə qədər davam etdi, İslam İnqilabı baş verdi və Amerika kapitalı İran iqtisadiyyatından çıxarıldı”, - deyə Davtyan qeyd edib.
Davtyan bildirib ki, TRIPP eyni Zəngəzur dəhlizidir.
“Neoliberal ideyalar və yanaşmalar Ermənistan hökuməti tərəfindən əsas xarici siyasət alətləri kimi qəbul edilir və bu, Avropada solçu ideologiyalar, solçu populizm və neoliberallar dövrünün başa çatdığı bir vaxta təsadüf edir. Antiliberal qüvvələr Avropada yeni mövqelər qazanır, parlamentlərdə peyda olurlar. Vətəndaşı dövlətdən üstün tutmaq neoliberal siyasətə mükəmməl uyğun gəlir. Ümid edirəm ki, 7 iyun seçkilərindən sonra Avropa və müxtəlif geosiyasi mərkəzlərlə münasibətlərimizi yenidən nəzərdən keçirəcək yeni bir reallıq yaranacaq”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az