Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Lihay Universitetinin professoru, erməni politoloq Arman Qriqoryan sosial şəbəkədə yazıb.
“Xüsusilə son vaxtlar mənim diplomlarımın dəyəri barədə fikir bildirən bəzi şəxslərin diqqətini buna çəkmək istəyirəm. Çünki mən müharibənin ikinci günündə onun təşəbbüskarlarının istədiyi nəticə ilə bitməyəcəyini proqnozlaşdırmışdım, onlar isə televiziyada başqa şeylər eşitmişdilər.
Müharibənin gedişi ilə bağlı daha bir neçə maraqlı məlumat da təqdim edim.
1. ABŞ-nin müdafiə (əslində isə müharibə) naziri Pit Heqset bir neçə gün əvvəl Konqresə əlavə 200 milyard dollar maliyyə ayrılması üçün müraciət edib”, - deyə o qeyd edib.
Qriqoryanın sözlərinə görə, məlum olub ki, İran Venesuela deyil.
“Bu isə ABŞ-ın hərbi büdcəsinin təxminən 20 faiz artırılması deməkdir.
2. USS “Gerald R. Ford” aviadaşıyıcısı zədələnmiş vəziyyətdə ABŞ-yə qayıdır, çünki gəminin daxilində yerləşən camaşırxanada yanğın baş verib. Bu yanğın təxminən 30 saat ərzində söndürülə bilməyib və gəmini döyüş qabiliyyətsiz hala salıb. Əgər ABŞ tərəfi bunun İran raket zərbəsi ilə deyil, məhz yanğınla bağlı olduğunu bildirirsə, buna şübhə etməyə əsas yoxdur, çünki amerikalılar heç vaxt yalan danışmırlar.
3. İranın guya mövcud olmayan hava hücumundan müdafiə sistemi F-35 “Lightning II” qırıcısını vurub. Təyyarə məhv edilməsə də, məcburi eniş edib. Halbuki bu modelin hazırlanmasına 450 milyard dollar xərclənmişdi və onun görünməz, toxunulmaz olması nəzərdə tutulurdu.
4. Hörmüz boğazının açılması üçün hələlik heç bir variant görünmür”, - deyə o bildirib.
Qriqoryan yazıb ki, müttəfiqlər də ABŞ prezidenti Donald Trampın müraciətlərinə baxmayaraq, donanmalarını bölgəyə göndərməkdən imtina ediblər.
“5. Etibarlı məlumatlara görə, İran rəhbərliyi, hərbi potensialının tükəndiyi iddialarına baxmayaraq, atəşkəs məsələsini müzakirə etmək istəmir və tələblərini daha da sərtləşdirir.
6. Trampın son bəyanatı, əgər İran boğazı açmasa, ölkənin elektrik stansiyalarına və enerji sisteminə zərbə endiriləcəyi ilə bağlı hədəsi ABŞ-nin vəziyyətinin çıxılmaz olduğunu göstərir. İran tərəfi isə cavab olaraq bildirib ki, belə hal baş verərsə, onlar Fars körfəzindəki neft yataqlarını və su duzsuzlaşdırma sistemlərini hədəfə alacaqlar.
7. ABŞ-nin boğazı açmaq üçün 2500-5000 nəfərlik dəniz piyadası kontingenti yerləşdirmək planları da müzakirə olunur, lakin bunun ciddi dəyişiklik yaratmayacağı bildirilir.
8. ABŞ rəsmilərinin bəzi açıqlamaları isə tənqid edilir. Məsələn, Pit Heqset bildirib ki, boğazın açıq olmamasının yeganə səbəbi İrandır və İran onu açsa, problem qalmaz. Digər bir rəsmi isə qeyd edib ki, İranın neft satışına qoyulan məhdudiyyətlərin aradan qaldırılması dünya bazarında qiymətləri aşağı salaraq İranın özünə zərər verəcək.
9. Həmçinin qeyd olunur ki, Rusiyaya qarşı bəzi sanksiyalar da aradan qaldırılıb və Rusiya hazırda gündəlik təxminən 170 milyon dollar əlavə gəlir əldə edir.
Yazılacaq daha çox məqam var, lakin bu qədər kifayətdir, davamı növbəti paylaşımda olacaq”, - deyə erməni politoloq qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az