Ordu.az xəbər verir ki, bunu Ermənistanda mövcud olan seçkiöncəsi əhval-ruhiyyədən danışarkən erməni siyasi texnoloq Vigen Hakopyan deyib.
O vurğulayıb ki, hakimiyyət çox yaxşı anlayır: hazırda onların elektorat resursu xeyli məhdudlaşıb.
“Hətta fərz etsək ki, hakimiyyətin reytinqi ayrı-ayrı müxalif qüvvələrdən bir qədər yüksək və ya onlarla eyni səviyyədədir, bu da yenidən hakimiyyət formalaşdırmaq üçün kifayət deyil. Bir məsələdir ki, 17-18 faiz səsin var və inzibati resurslardan, müxtəlif üsullardan, təzyiqlərdən, qorxu mühitindən istifadə etməklə maksimum, deyək ki, 30 faizə çata bilirsən, başqa məsələ isə “50 faiz +1” səs toplamaqdır. Hakimiyyətin daha bir problemi də var: faktiki olaraq heç bir müttəfiq partiya üçün keçid baryerini aşmaq asan deyil”, - deyə Hakopyan bildirib.
Onun qiymətləndirməsinə görə, ola bilər ki, hansısa partiya buna az-çox yaxınlaşsın, amma bu, indiki mərhələdə yalnız nəzəri cəhətdən mümkündür.
“Mən iddia edirəm ki, 2024-cü il yanvarından, regionlardakı məktəblərdə “asılqan aksiyası”ndan başlayaraq Nikol Paşinyan və onun siyasi komandası seçkiqabağı kampaniyaya start verib. “Asılqan aksiyası” ilə o, evin sahibinin kim olduğunu göstərmək, özünün yaxşı, komandasının isə pis olduğunu nümayiş etdirmək istəyirdi. Bir müddət sonra hüquq-mühafizə sisteminin bütün rəhbərlərini dəyişdi, korrupsiya ilə lazımi səviyyədə mübarizə aparmamağı və əmlakı geri qaytarmamağı onların üzərinə qoydu. Ardınca öz imicini dəyişdi, saqqalını qırxdı, müxtəlif növ papaqlar taxdı, “kepka”dan “şlyapa”ya keçdi. Yeri gəlmişkən, “Varçabend” nə oldu? Bütün bunlarla o, elektoratın müxtəlif seqmentləri, ilk növbədə gənclər üçün maraqlı görünməyə çalışırdı. Özlərinin apardığı sorğulara əsasən (düşünürəm ki, bunları xüsusi xidmət orqanları və onları dəstəkləyən xarici güc mərkəzlərinin nümayəndələri həyata keçirir) görürlər ki, 18-35 və ya 18-40 yaş arası seçicilər onlara səs vermir, üstəlik, onları uduzanlar və bacarıqsızlar kimi istehza ilə qəbul edirlər. Bugünkü gənclik əvvəlki nəsillərdən fərqli olaraq, ailəni dolandıran, yüksək maaş alan, təhsilli gənclikdir. Bir çox hallarda ailədə rəy formalaşdıran məhz onlardır, yaşlı nəsil yox. Bu, çox taleyüklü əhəmiyyət daşıya bilər, çünki gənc, uğurlu, təhsilli nəslə məğlubiyyətin qələbə olduğunu sırımaq mümkün deyil. Axı deyirdilər ki, uduzduq, amma müstəqillik qazandıq. İnsanların bir hissəsini bununla aldada bilərsən, amma özünə yetən, savadlı, geniş dünyagörüşünə malik gənclərə uduzanları qalib kimi təqdim etmək mümkün deyil”, - deyə Hakopyan qeyd edib.
O, həmçinin Erməni Apostol Kilsəsinə qarşı həyata keçirilən proseslərə toxunaraq bunları “avantüra” adlandırıb.
“Bu, istənilən siyasi qüvvənin karyerasını “basdıra” bilər. Amma o, bu prosesə getdi, çünki kənardan sifariş, üstəlik, ambisiya, Ermənistanda bütün institutları nəzarət altına almaq istəyi var idi. İndi, görünür, başa düşüb ki, qalib gələ bilmir, çünki kilsə ətrafında ilk növbədə təbliğat müharibəsində uduzub. Sosioloji göstəricilər də bunu göstərir: insanların 70-80 faizi kilsəni dəstəkləyir. İndi bu prosesi kəskinləşdirməyəcək, çünki seçkiöncəsi mərhələ başlayır. O anlayır ki, nə təşəbbüs irəli sürürsə-sürsün, resursları çatmır. Belə vəziyyətdə isə ənənəvi üsul qalır: dövlət səviyyəsində seçki rüşvəti. Deyirdi ki, pensiyalar artırılmayacaq, pensiyaçıya bu pul nəyə lazımdır, amma bir gün qəfil bəyan edir ki, imkan var deyə pensiyaları artıracaq”, - deyə o bildirib.
Hakopyan vurğulayıb ki, halbuki büdcədə belə bir maddə yoxdur və ölkə qanunvericiliyinə görə, bu cür ayırma üçün dövlət büdcəsində müvafiq maddə olmalıdır.
“Dövlət səviyyəsində seçkiöncəsi rüşvət vergi ödəyicilərinə ildə 200 milyon dollar başa gələcək. Üstəlik, bütün pensiyaçılar 10 min dram artım almayacaq. Bundan əvvəl atılan bir çox addımlar da seçkiöncəsi məntiqə uyğun idi: hərbi xidmət müddəti azaldıldı, bələdiyyə uşaq bağçalarının əməkdaşlarının maaşlarını artırmaq qərarı verdi. Bu, adi seçkiöncəsi məntiqdir: reytinqi aşağı və rəqabət vəziyyətində olan hakimiyyət dövlət büdcəsi hesabına seçicilərin cibinə pul “tökməyə” çalışır. Bu seçkilər hakimiyyət üçün mövcudluq baxımından həyati əhəmiyyət daşıyır. Onlar hər şeyə gedəcəklər, hər şeyə qadirdirlər. Bunu xarici münasibətlərdə də görürük. İlk dəfədir ki, rəsmi səviyyədə hansısa geosiyasi mərkəzə, məsələn, Aİ-yə müraciət edib deyirlər: guya kimsə bizə qarşı hibrid müharibə aparır, amma riskləri və cəsarətləri çatmır ki, həmin “kimsə”nin kim olduğunu desinlər, bizə operativ reaksiya qrupu göndərin, müdafiə olunmaq üçün pul verin. Soruşanda ki, bu hibrid müharibəni Rusiya aparırmı, deyirlər ki, yox. Məlum olur ki, nə Azərbaycan, nə də Türkiyədir. Axı nəticədə özlərinin “qəhrəman” adlandırdıqları vergi ödəyicisi bilməlidir ki, bizə qarşı hibrid müharibə aparan düşmən kimdir. Faktiki olaraq Rusiya deyil, çünki deyirlər ki, hərbi bazanı Ermənistandan çıxarmayacaqlar, 2020-ci ildə sülh yaratdığı üçün Putinə təşəkkür edirlər, Moskvaya gedib heç bir məsələ barədə səsini çıxarmırlar”, - deyə erməni siyasi texnoloq vurğulayıb.
O bildirib ki, bu mərhələdə müxalifət də seçkiöncəsi mübarizəyə xeyli fəal şəkildə başlayıb.
“Öz proqramlarını təqdim edirlər, o cümlədən “Güclü Ermənistan”, “Çiçəklənən Ermənistan”, “Ermənistan” bloku regionlarda görüşlər keçirir. Müxalifətin də problemləri var, amma hakimiyyətdən fərqli olaraq, artım resursuna malikdir. Hakimiyyət nə edirsə-etsin, son iki il ərzində resursu aydın şəkildə artmır. Müxalifəti təmsil edən yeni qüvvələr seçkilərdə iştirak etməyənləri “oyatmaq”, onların tələblərini qarşılamaq imkanına malikdirlər. Onlar hakimiyyətin məşhur “keçmişlər” və “indikilər” narrativi çərçivəsində qalırdılar. Kimə səs verəcəyini bilməyən elektorat indi alternativ görür. Geosiyasi vektordan tutmuş sosial siyasətə qədər ən azı iki aydın alternativ qüvvə var”, - deyə o bildirib.
Hakobyan qeyd edib ki, hər zövqə uyğun seçim mövcuddur.
“Mənim müşahidəmə görə, ən azı dörd iri blok formalaşıb ki, səslərini birləşdirsələr, gələcəkdə hakimiyyət qura bilərlər, yəni bu hakimiyyətin “Gümrü 2” adlandırdığı ssenarini həyata keçirə bilərlər. Hakimiyyət formalaşdırmaq üçün səsi yetərli olmayan hər bir müxalif qüvvə öz tərəfdaşları ilə birlikdə hakimiyyətdən kənarlaşdırma həyata keçirməyə çalışacaq. Bütün qüvvələr deyir ki, əsas məqsədləri hakimiyyətdən kənarlaşdırmadır. Hakimiyyət isə öz dərisində bu təhlükəni fiziki olaraq hiss edir. Obyektiv vəziyyəti ən yaxşı özləri bilirlər. Onların nə danışdığına, nə bəyan etdiyinə baxmayın, bunların hamısı təbliğat addımlarıdır. Elektorat problemi olan bütün hakimiyyətlər deyir ki, “50 faiz +1” səs toplayacağıq. Bir tərəfdən öz komandasını ruhlandırmağa çalışırlar, digər tərəfdən isə elektoratlarını qorumaq, tərəddüd edənlərdə “hər şey artıq həll olunub, bizimlə rəqabət yoxdur” düşüncəsini yaratmaq istəyirlər”, - deyə o vurğulayıb.
Erməni siyasi texnoloq deyib ki, seçki proseslərində rəqiblər bütün üsullardan istifadə edəcəklər.
“Hakimiyyət “Gümrü 2” deyəndə bu prosesdən qorxduğunu göstərir. Seçicilər anlayırlar ki, seçkidən sonra keçid baryerini aşan müxalif qüvvələr birləşsələr, yeni hakimiyyət formalaşdıracaqlar. Hakimiyyət bu ehtimaldan qorxduğunu nümayiş etdirir. Digər tərəfdən, onların “klişe”ləri var: rusiyalı oliqarx, Robert Köçəryan və sair. Seçkilərə qədər bu fikirləri davamlı şəkildə təkrarlayacaqlar. Bütün müxalifləri bir-birinə bağlamağa, hamını inandırmağa çalışacaqlar ki, bu, xarici layihədir və rusofobiya üzərindən oynayacaqlar. Bunlar hakimiyyətin tətbiq edəcəyi texnologiyalardır. Amma deyim ki, “Gümrü 2” ssenarisi, yəni müxalifətin birgə qələbəsi barədə daim danışmaq onların özləri üçün zərərlidir. İnsanlar getdikcə inanırlar ki, müxalif qüvvələr birlikdə ən azı “50 faiz +1” səsi toplaya bilərlər”, - deyə Hakopyan sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az