Fransız “Rafale” necə vurulub?
Əldə edilən məlumata görə, Pakistan Hərbi Hava Qüvvələrinə məxsus Çin istehsalı J-10C döyüş təyyarəsi Hindistanın əsas hava üstünlüyü platformalarından biri sayılan “Rafale”i uzun mənzilli PL-15 raketi ilə vurub. Əgər bu doğru olarsa, bu hadisə təkcə “Rafale” təyyarələrinin ilk döyüş itkisi olmayacaq, həm də Çin istehsalı olan qabaqcıl “hava-hava” raket texnologiyasının döyüş şəraitində ilk uğuru kimi tarixə düşəcək.

Bu sensasiyalı iddia Hindistan Hərbi Hava Qüvvələrinin mayın 6-da başladığı “Sindoor” əməliyyatı çərçivəsində Pakistanın nəzarətində olan Kəşmir və Pəncab bölgəsində hədəflərə hava zərbələri endirməsindən sonra gündəmə gəlib. Bildirilir ki, Pakistan buna cavab olaraq çoxsaylı döyüş təyyarəsini havaya qaldırıb və müdafiə əməliyyatları həyata keçirib. Pakistan ordusuna bağlı ISPR mənbələri, 5 Hindistan döyüş təyyarəsinin vurulduğunu və bunlar arasında 3 “Rafale”in də olduğunu, onlardan birinin isə J-10C tərəfindən PL-15 raketi ilə yüksək hündürlükdə vurulduğunu iddia edib.
Hindistan Müdafiə Nazirliyi bu iddiaları əsassız və təbliğat xarakterli adlandırsa da, CNN-in istinad etdiyi Fransız kəşfiyyat hesabatına görə, ən azı bir “Rafale” təyyarəsinin itirildiyi təsdiqlənib. Lakin təyyarənin hansı platforma tərəfindən vurulduğu isə dəqiq deyil.
PL-15 və “Meteor” qarşıdurması
İddiaların mərkəzindəki bu iki təyyarə Cənubi Asiyada ən müasir 4.5 nəsil döyüş təyyarələrini təmsil edir. Fransız istehsalı “Rafale”, inkişaf etmiş RBE2-AA AESA radar sistemləri, SPECTRA radioelektron mübarizə imkanları və 150-200 kilometr mənzili, həmçinin 60 km “no-escape zone” ilə dünyanın ən ölümcül BVR (beyond visual range) silahlarından biri olan “Meteor” raketi ilə seçilir. Digər tərəfdə isə Çin istehsalı olan J-10C təyyarəsi KLJ-7A AESA radarı və aktiv radar başlıqlı 200-300 km mənzilə malik PL-15 raketi ilə uzaqmənzilli hava döyüşlərində üstünlük əldə etməyə çalışır.

Burada maliyyət də diqqətçəkicidir. Müxtəlif mənbələrə görə, Fransız “Rafale” platformasının bir vahidinin qiyməti 100-120 milyon dollar arasında dəyişir, J-10C isə 45-50 milyon dollar civarındadır.
Mütəxəssislərin fikrincə, əgər PL-15 həqiqətən də bir “Rafale”i vurmağa nail olubsa, bu, hava döyüşlərinin mahiyyətində əhəmiyyətli bir dəyişikliyin baş verdiyini göstərir. Artıq manevr qabiliyyəti yox, radar mənzili, radioelektron üstünlük və raket kinematikası hava müharibəsinin nəticəsini müəyyən edir.
Hava Qüvvələrinin müqayisəsi
Təxminən 2.300 aviavasitəyə və 135.000 nəfərlik heyətə sahib olan Hindistan Hərbi Hava Qüvvələri, dünyanın dördüncü ən böyük hava gücünə sahibdir. “Su-30MKI”, “Rafale”, “MiG-29”, “Mirage 2000” kimi güclü dördüncü nəsil döyüş təyyarələri ilə yanaşı, yerli istehsal olan “HAL Tejas” vasitəsilə də parkını zənginləşdirir.
Lakin bu geniş və güclü aviaparkın bəzi çatışmazlıqları da var:
Beşinci nəsil döyüş təyyarəsi mövcud deyil
Heç bir təyyarədə “stels” (görünməzlik), strateji bombardman qabiliyyəti yoxdur
Pakistan Hərbi Hava Qüvvələri isə təxminən 1.434 aviavasitəyə və 70.000 nəfərlik heyətə malikdir. Lakin bu kiçiklik zəiflik anlamına gəlmir.
Pakistan son illərdə hava müdafiəsini asimmetrik imkanlarla gücləndirməyə fokuslanıb:
- 75 ədəd ABŞ istehsalı F-16 “Fighting Falcon”
- Çin istehsalı J-10C və JF-17 döyüş təyyarələri
- PL-15 kimi uzun mənzilli, müasir “hava-hava” raketləri
F-16-lar hava üstünlüyü tapşırıqlarında dəfələrlə etibarlılığını sübut edib, J-10C kimi yeni nəsil platformalar isə radioelektron müharibə və radar idarəetməli döyüşdə üstünlük təmin edir. Bununla belə, Pakistan da Hindistan kimi “stels” təyyarəyə və strateji bombardman qabiliyyətinə malik deyil.
Dəyanət Ağalarlı
Ordu.az