Hindistan rəsmiləri son hücumda kamikadze tipli PUA sistemlərinin istifadə olunduğunu təsdiqləyiblər. Bu tip PUA-lar hədəf bölgədə bir müddət dövrə vurur və daha sonra müəyyən olunan hədəfə dalış edərək partlayış həyata keçirir. Xüsusilə sərhəd xəttindəki gərgin nöqtələrdə bu texnologiyanın təsiri artır.
Kamikadze tipli PUA-lar hədəf bölgəyə qədər uçaraq bir müddət havada dolaşır (loitering) və daha sonra seçilən hədəfə dalış edərək intihar hücumu həyata keçirən sistemlərdir. Bu sistemlər həm kəşfiyyat, həm də zərbə vəzifələrini eyni vaxtda yerinə yetirə bilər.
Hindistanın kamikadze tipli PUA-ları və inkişaf layihələri
Hindistan yerli müdafiə sənayesini gücləndirmək məqsədilə kamikadze tipli PUA (loitering munition) sistemlərinə böyük investisiya yatırır. Həm İsrail kimi strateji tərəfdaşlardan bu sahədə texnika alır, həm də Hindistan Müdafiə Araşdırma və İnkişaf Təşkilatı (DRDO) və özəl sektorun əməkdaşlığı ilə yerli həllər hazırlayır.
HAROP: Hindistan ordusunun ən diqqətçəkən kamikadze sistemlərindən biri İsrail Aviasiya və Kosmik Sənayesi (IAI) tərəfindən yaradılmış HAROP-dur. Təxminən 1.000 km uçuş məsafəsi və 6 saat havada qala bilən bu sistem əsasən radioelektron mübarizə vasitələri və radar obyektlərini sıradan çıxarmaq üçün hazırlanıb. 2009-cu ildən Hindistan ordusunda yer alan bu sistemin daha inkişaf etmiş HAROP “Block II” versiyalarının da sifariş edildiyi bildirilir.
“SkyStriker”: “Elbit Systems” və Hindistanın “Alpha Design Technologies” şirkətinin birgə hazırladığı “SkyStriker” PUA-ları 100 km uçuş məsafəsinə və 2 saat havada qalma müddətinə malikdir və dərin arxa cəbhə əməliyyatlarında istifadə olunur. 2021-ci ildə 100 ədəd sifariş edilmiş bu sistem 2025-ci ildə “Operation Sindoor” əməliyyatı zamanı Pakistana qarşı tətbiq olunub.
ALFA-S: “Air-Launched Flexible Asset – Swarm” (ALFA-S) Hindistan Hərbi Hava Qüvvələri tərəfindən hazırlanmış, döyüş təyyarələrindən buraxılan sürü tipli kamikadze PUA layihəsidir. Dörd PUA daşıya bilən konteynerlər vasitəsilə təyyarələrdən buraxılan bu sistem kəşfiyyat, radarların sıradan çıxarılması və rabitə şəbəkəsinin genişləndirilməsi kimi tapşırıqlarda istifadə olunur.
LM0: “Solar Industries” şirkətinin İsrail ilə birgə hazırladığı LM0 sistemi sabit qanadlı kamikadze PUA-dır və həm portativ buraxılış qurğuları ilə, həm də quru nəqliyyat vasitələri üzərindən istifadə oluna bilir. Yüksək hündürlük sınaqları Ladax bölgəsində uğurla aparılıb.
“Kadet LAM”: “Kadet Defence Systems” tərəfindən hazırlanmış “Kadet LAM” (Loitering Aerial Munition) 15-dən 120 kq-a qədər müxtəlif variantlarda hazırlanır və 150-300 km uçuş məsafəsi təqdim edir. Modul quruluşu sayəsində fərqli tapşırıqlara uyğunlaşdırıla bilir.
Abhyas HEAT: “Aeronautical Development Establishment” tərəfindən yaradılmış “Abhyas HEAT” hədəf PUA-sı kamikadze PUA olaraq modernləşdirilir. GPS naviqasiyası və yüksək partlayıcı yük daşıya biləcək bu sistem aşağı maliyyətli hücum vasitəsi kimi nəzərdə tutulur.
Pakistanın kamikadze tipli PUA proqramı
Pakistanın kamikadze tipli PUA proqramı həm dövlət dəstəyi ilə, həm də özəl şirkətlərin iştirakı ilə sürətlə inkişaf edir.
“GIDS Blaze” seriyası:
Dövlət dəstəyi ilə fəaliyyət göstərən “GIDS” şirkəti 2024-cü ildə IDEAS müdafiə sərgisində “Blaze” seriyalı kamikadze PUA-larını təqdim edib.
“Blaze-25”: 25 kq çəkidə, 75 km uçuş məsafəsinə və 60 dəqiqə havada qalma müddətinə sahibdir. Elektrik mühərriki sayəsində aşağı səviyyədə səs və termal iz buraxır, bu da onu qısa mənzilli tank əleyhinə əməliyyatlar üçün ideal edir.
“Blaze-50”: 50 kq çəkidə, 180 km uçuş məsafəsinə və 60 dəqiqə havada qalma müddətinə malikdir. 20 kq döyüş başlığı daşıyır və orta mənzilli hücum və kəşfiyyat üçün istifadə olunur.
“Blaze-75”: 75 kq çəkidə, 500 km uçuş məsafəsinə və 4 saat havada qalma müddətinə malikdir. 30 kq döyüş başlığı daşıya bilir və strateji dərin hücumlar üçün nəzərdə tutulub.
SARKASH: GIDS tərəfindən hazırlanmış SARKASH turbojet mühərrikli, 1.000 km uçuş məsafəsinə və 50 kq döyüş başlığına malik uzun mənzilli kamikadze PUA-dır. 120 dəqiqə havada qala bilir və yüksək dəyərli hədəflərə qarşı strateji tapşırıqlar üçün istifadə olunur.
“KaGeM V3” (Baykar-NASTP əməkdaşlığı) – (“Kemankeş”): “Baykar” və Pakistanın “National Aerospace Science and Technology Park” (“NASTP”) əməkdaşlığı ilə yaradılmış “KaGeM V3” süni zəka ilə idarə olunan, hava platformalarından buraxılan, turbojet mühərrikli ağıllı qanadlı sursatdır. 20 kq döyüş başlığı daşıyır və 200+ km uçuş məsafəsinə malikdir. “Bayraktar TB2” “Akıncı” və “Shahpar-2” kimi PUA-larla uyğun işləyir.
“Integrated Dynamics”: E-RAD və ROVER LM
Pakistanın “Integrated Dynamics” adlı özəl müdafiə şirkəti aşağıdakı kamikadze PUA-larını hazırlayıb:
E-RAD: Quru, dəniz və ya hava platformalarından buraxıla bilən, bir nəfər tərəfindən daşına bilən və avtonom işləyə bilən sistemdir. 40 mm əl qumbarası ekvivalentində partlayıcı daşıya bilir və yüksək dəqiqliklə hədəfi vura bilir.
ROVER LM: 15 km uçuş məsafəsi və 2 saat havada qalma müddətinə malikdir, səssiz elektrik mühərriki ilə işləyir. Kəşfiyyat və hücum əməliyyatlarında istifadə olunur.
“Murtajiz M-300” (Cavalier Group):
“Cavalier Group” tərəfindən hazırlanmış “Murtajiz M-300” 500 km uçuş məsafəsinə, 3,5 saat havada qalma vaxtına və 30 kq döyüş başlığı daşıma qabiliyyətinə malikdir. 250 km/s sürətlə hədəfə dalış edə bilir və yüksək dəqiqliklə hədəfi vura bilir.
Pakistan həm dövlət dəstəyi ilə (GIDS, NASTP), həm də özəl sektor (“Integrated Dynamics”, “Cavalier Group”) vasitəsilə kamikadze tipli PUA texnologiyalarına böyük investisiya yatırır. Bu sistemlər Pakistanın müdafiə qabiliyyətini artırır və regional çəkindiriciliyini gücləndirir.
Dəyanət Ağalarlı
Ordu.az