Müqəddəs Taxt-Tramp ittifaqı: Papa libasında siyasət

2025/05/1746856728.jpg
Oxunub: 955     19:31     10 May 2025    
Mayın 7-dən etibarən Vatikan şəhərində başlanan kardinal konklavı bir gün sonra – iki uğursuz cəhddən sonra – üçüncü səsvermədə Roma Papasını seçdi. Müqəddəs Taxt-Tacın 267-ci sahibi ilk dəfədir ki, Şimali Amerikadan, daha dəqiqi, ABŞ-dən olan nümayəndədir. Yeni Papa kardinal Robert Frensis Prevost seçildi. O, bundan əvvəl Vatikanın papalıq administrasiyasında yepiskoplarla məşğul olan idarənin prefekti vəzifəsini tuturdu.

Yeni Papa özünə XIII Leo adını götürüb. Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp Papa libasında çəkilmiş bir kolaj-foto yayımlamışdı. Bu, şübhəsiz, təsadüfi bir kolaj deyildi, mesaj daşıyan bir hadisə idi və bu barədə daha əvvəl də fikir bildirmişdik. İndi isə hər şey daha aydın görünür.

Katolik kilsəsinin və Vatikanın yeni rəhbərinin kim olacağı, təbii ki, böyük siyasi mübarizənin də mövzusu olmalı idi. Çünki 1,5 milyard katolikin ruhani liderin ordusu olmasa da, ruhani təsirin çox uzaqlarına gedən siyasi və iqtisadi gücü var. Beləliklə, katolik dünyasının, daha dəqiq desək, Avroatlantik məkanın mərkəzində gedən siyasi mübarizə (ABŞ-də hakimiyyətə gəlmiş sağ-mühafizəkarlar ilə ultra-liberal və sol düşüncə tərəfdarları arasındakı qütbləşmə) təbii olaraq, Müqəddəs Taxt-Tac uğrunda gedən mübarizəyə də əks olunmalı idi. Şərti desək, bu seçkidə Tramp qalib gəldi.

Amma bu, sadəcə bir döyüşün qalibiyyətidir, yoxsa bundan daha artıq – strateji dönüş nöqtəsidir, bunu zaman göstərəcək. Məlum olduğu kimi, Fransisk Papa Yezuitlər ordeninə mənsub idi. Yeni Papa isə Avqustinian ordeninə mənsubdur və maraqlısı budur ki, bu ordenin “yoxsulluq vədini” qəbul edən qanadından gəlir. Bu fəlsəfənin əsasında şəxsi mülkiyyətdən və var-dövlətdən imtina, sadə həyat və sədəqə ilə dolanmaq dayanır.

Təbii ki, yeni Papanın Müqəddəs Taxt-Tacı öz ideoloji və fəlsəfi dəyərlərinə uyğunlaşdırmağa çalışıb-çalışmayacağı hələ bəlli deyil. Ola bilər ki, bir çox proseslər səhnəarxasında inkişaf etsin. Amma bir şey aydındır: Avroatlantik məkanın iki qütbü arasında gedən mübarizənin necə davam etməsindən asılı olmayaraq, onun təsirləri qaçılmaz olaraq Vatikan üzərində hiss olunacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Papa  


Bizi "telegram"da izləyin