Fransa prezidentinin administrasiyası bununla bağlı yaydığı açıqlamada qeyd edib ki, görüş zamanı Fransa prezidenti Suriyanın yeni quruculuğuna – azad, suveren, sabit və Suriya cəmiyyətinin bütün təbəqələrinə hörmət edən bir dövlətin formalaşmasına Parisin dəstəyini bir daha ifadə edəcək. Əhməd əş-Şaraa Fransaya rəsmi dəvəti 2025-ci ilin fevralında Makronla telefon danışığından sonra almışdı.
Qeyd etmək yerinə düşər ki, həmin telefon danışığı əş-Şaraanın ilk xarici səfəri olan Türkiyə ziyarətindən dərhal sonra baş tutmuşdu. Türkiyədə o, prezident Rəcəb Tayyib Ərdoğanla görüşmüşdü. Ertəsi gün Makronla telefon danışığı olub, daha iki gün sonra isə Fransa prezidenti Türkiyə prezidenti ilə də telefon əlaqəsi qurub.
Bir neçə gün öncə məlum olub ki, Suriya hökuməti Fransanın nəhəng gəmiçilik və dəniz yükdaşıma şirkəti olan CMA CGM ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, fransız şirkəti Latakiya limanının idarəsini həyata keçirəcək. Demək olar ki, bu razılaşmanın Türkiyənin razılığı ilə əldə edildiyinə şübhə yoxdur. Bəs bu, Suriyanın gələcəyi ilə bağlı Paris və Ankaranın əməkdaşlıq etdiyi yeganə epizod olacaq, yoxsa əş-Şaraanın Fransaya səfəri “yeni üfüqlər” açacaq?
Xüsusilə maraqlı suallardan biri budur: Fransa Suriyada İsrailin iddialarına qarşı Türkiyənin göstərdiyi reaksiya və mövqeyə dəstək verəcəkmi? “Böyük ehtimalla, bu məsələ də Parisdə əş-Şaraanın iştirakı ilə keçirilən müzakirələrin əsas gündəm mövzularından biri olub.
Asif Cəfərov
Ordu.az