Kəşmir xəttində hərbi rəqabət: Məhdud müdaxilə, məhdudiyyətsiz qeyri-müəyyənlik

2025/05/1746770845.jpg
Oxunub: 556     10:28     10 May 2025    
Hindistanın Pakistanın nəzarətindəki Kəşmir bölgəsinə həyata keçirdiyi hava hücumları, bölgəni yaxından izləyənlər üçün təəccüblü hadisə sayılmır. Bu tip məhdud müdaxilələr, xüsusilə 2016-cı ildən etibarən tez-tez yaşanır. Səbəb isə daim eynidir: Hindistan daxilində baş verən hücumlara görə Pakistan tərəfindən dəstəklənən qruplar məsuliyyət daşıyır.

Lakin bu son hücumların diqqətçəkən tərəfi daxili və xarici siyasət kontekstində daşıdığı məna ilə əlaqədardır. Hindistanda seçki atmosferi yaxınlaşarkən, Modi hökuməti ölkə daxilində artan təzyiqlər qarşısında təhlükəsizlik mərkəzli ritorika ilə mövqe tutmağa üstünlük verir. Digər tərəfdən, Çin ilə sərhəd bölgəsində davam edən gərginliklər, Hind okeanında güc rəqabəti və Əfqanıstandan qaynaqlanan qeyri-sabitlik kimi faktorlar, Hindistanın hərbi reflekslərini yalnız Pakistanla məhdudlaşmayan bir təhlükəsizlik strategiyasına çevirir.

Hindistan Hərbi Hava Qüvvələri təxminən 2.300 platformalı inventarı və 135.000-ə yaxın şəxsi heyəti ilə qlobal miqyasda dördüncü sırada yer alır. İnventarında Fransız istehsalı olan “Rafale”, Rusiya istehsalı “Su-30MKI”, “MiQ-29” kimi müxtəlif təyyarələr olsa da, beşinci nəsil təyyarələr və “stels” texnologiyası kimi sahələrdə hələ də ciddi çatışmazlıqlar mövcuddur. Hindistan bu boşluğu yerli istehsal olan “Tejas” təyyarələri və “Make in India” strategiyası ilə doldurmağı hədəfləyir.

Pakistan isə say baxımından daha məhdud hava gücünə malik olmaqla birlikdə, əlindəki F-16, JF-17 və yeni alınmış J-10C təyyarələri ilə əməliyyat baxımından müəyyən tarazlıq yaratmağa çalışır. Bundan əlavə, son dövrlərdə həm pilotsuz uçuş aparatlarına (PUA), həm də erkən xəbərdarlıq və müşahidə sistemlərinə etdiyi sərmayələr Pakistanın çevik hava müdafiə qabiliyyəti qurmaq istiqamətində addımlar atdığını göstərir.

Hər iki ölkə də strateji bombardmançı təyyarələr, inkişaf etmiş “stels” platformalar və inteqrasiya olunmuş radioelektron müharibə qabiliyyətləri baxımından məhdud profillərə sahibdir. Bu vəziyyət tərəflərin adətən aşağı intensivlikli və məhdud hədəflərə yönəlmiş əməliyyatlara üstünlük verməsinə səbəb olur. Lakin bu cür “hesablanmış” müdaxilələrin hər zaman nəzarət altında qalacağına dair bir zəmanət yoxdur.

Hindistan son illərdə müdafiə sənayesi sahəsində öz-özünə yetərlilik hədəfinə güclü şəkildə fokuslanıb. “Make in India” siyasəti həm xarici asılılığı azaltmaq, həm də müdafiə sənayesi ixracatını artırmaq məqsədi daşıyır. “BrahMos” qanadlı raketləri və “Bharat Electronics”in radar sistemləri kimi nümunələr bu transformasiyanın konkret nəticələri sırasındadır.

Pakistan isə bu sahədə daha çox strateji tərəfdaşlıqlara əsaslanır. Çin ilə birgə hazırlanmış platformalar və Türkiyə ilə qurulmuş sursat və dəniz sistemləri üzrə əməkdaşlıqlar Pakistanın məhdud resurslarını effektiv istifadə etmə səylərinin bir hissəsidir. POF, GIDS və DEPO kimi şirkətlər həm daxili təhlükəsizlik ehtiyaclarına, həm də ixrac bazarlarına yönəlik istehsal aparır.

Bu iki modelin müqayisəsində Hindistan daha uzunmüddətli texnoloji dərinləşmə və istehsal gücü qurarkən, Pakistan çevik və əməkdaşlığa əsaslanan bir struktur üzərindən mövcud qabiliyyətlərini gücləndirməyə çalışır.

Nüvə qorxusu həqiqətən daha böyük müharibəni əngəlləyir?

Hər iki ölkənin nüvə silahlarına malik olması ənənəvi anlamda bir çəkindirmə mexanizmi kimi işləyir. Lakin 1999-cu il Kargil Müharibəsindən, 2016 və 2019-cu illərdəki məhdud toqquşmalara, son olaraq da 2025-ci ildəki hava əməliyyatına qədər uzanan proses bu çəkindirmənin münaqişələri tamamilə əngəlləmədiyini göstərir.

“Qarşılıqlı zəmanətli məhv” (mutual assured destruction) doktrinası tərəflərin genişmiqyaslı müharibədən qaçmasına səbəb ola bilər. Lakin bu doktrina məhdud müdaxilə və cavab vermə formalarını istisna etmədiyi üçün aşağı intensivlikli böhranların tez-tez təkrarlanmasına da zəmin yaradır. Bu vəziyyət nüvə silahlarının bir sabitlik təminatçısı deyil, çox vaxt “yanıldıcı təhlükəsizlik hissi” yaratdığını göstərir.

Hücumdan sonra ABŞ başda olmaqla bir çox ölkə tərəflərə təmkinli olma çağırışı etdi. Ancaq bu cür açıqlamaların praktik təsirinin zəif qaldığı bir daha göründü. Bunun ən önəmli səbəbi Hindistan-Pakistan məsələsinin artıq yalnız bir sərhəd mübahisəsi deyil, eyni zamanda daxili siyasətdə istifadə olunan milli təhlükəsizlik ritorikasına çevrilmiş olmasıdır.

Bundan əlavə, Hindistanın Çinə qarşı Qərblə inkişaf etdirdiyi strateji tərəfdaşlıqlar bu ölkəyə yönəlik beynəlxalq tənqidlərin tonunu da nəzərəçarpacaq şəkildə yumşaldır. Pakistan isə bu durumu Çin və Türkiyə kimi oyunçularla inkişaf etdirdiyi hərbi-siyasi əməkdaşlıqlarla tarazlamağa çalışır.

Hindistan və Pakistan arasındakı hərbi balans yalnız silah sistemləri və ya əsgər sayı ilə deyil, təhdid qavrayışı, daxili siyasi dinamikalar və regional ittifaqlarla da formalaşır. Nüvə çəkindiriciliyinin mövcudluğu böyükmiqyaslı müharibələri əngəlləyirmiş kimi görünsə də, kiçikmiqyaslı toqquşmaların qarşısını almağa yetmir. Üstəlik bu toqquşmaların bir məqamdan sonra nəzarətdən çıxma riski hər zaman mövcuddur.

Bu səbəblə bu balans vəziyyəti sabit bir sülh deyil, daimi şəkildə izlənməsi və idarə olunması lazım olan bir həssas zəmin formalaşdırır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan   Kəşmir  


Bizi "telegram"da izləyin