Zaxarovanın fikrincə, mümkün gərginliklərə gəlincə, Şolts hökuməti rus-alman münasibətlərini “o qədər əsaslı şəkildə məhv edib ki, burada artıq düzəldiləsi heç nə qalmayıb”. O əlavə edib ki, Ukraynaya “Taurus” uzaqmənzilli raketlərinin verilməsi məsələsində kansler Mers “koalisiya tərəfdaşları, Bundestaq və Avropa İttifaqı üzvü olan ölkələrlə razılaşdırma aparmalıdır”.
Zaxarova açıq şəkildə eyham vurur ki, Almaniya silahlarının Ukraynaya tədarükü mürəkkəb və vaxt aparan prosesdir. Rusiya XİN rəsmisi alman silahlarına istehzayla yanaşaraq bildirib: “Leopard” tankları ilə bağlı vəziyyət onu deməyə əsas verir ki, hətta “Taurus” raketləri belə Zelenskinin rejimini xilas etməyəcək”.
Bu fonda “RİA Novosti” “Berliner Zeitung” nəşrinə istinadla xəbər verib ki, qəzet Almaniyanın yeni seçilmiş kanslerinə mayın 9-da Moskvaya səfər etməyi və Rusiya Prezidenti Vladimir Putinlə həm Ukrayna münaqişəsinin nizamlanması, həm də ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı məsələləri müzakirə etməyi tövsiyə edib. Nəşr əlavə edib: “Almaniya kansleri həmin gün Moskvadakı memorial kompleksləri də ziyarət edə və faşizmə qarşı mübarizədə həlak olanların xatirəsini yad edə bilər”.
Bəzi mənbələrin verdiyi məlumata görə, mayın 6-da Almaniya parlamentində kanslerin seçilməsi ilə bağlı təkrar səsvermə məhz ona görə təşkil olunub ki, Mers ertəsi gün planlaşdırdığı Paris səfərini təxirə salmaq məcburiyyətində qalmasın.
Fridrix Mers kansler vəzifəsinə kifayət qədər çətinliklə seçilib. Yeni hökumətdə müdafiə naziri dəyişməyəcək, Boris Pistorius vəzifəsində qalacaq. O, Ukraynaya hərbi dəstəyin tərəfdarı kimi tanınır. Lakin koalisiya hökuməti belə prinsipial məsələlərdə, həqiqətən də, tərəfdaşların mövqeləri ilə bağlı məhdudiyyətlər yaşayır.
Ümumiyyətlə, Zaxarovanın “Mers Avropadakı digər ölkələrin mövqeyini nəzərə almalıdır” fikri reallığın təsdiqi kimi görünür. Rusiya isə öz mövqeyində dəyişiklik etmir: ya qarşıya qoyduğu məqsədlərə diplomatik yolla nail olur, ya da müharibə davam edir.
Şərqi Avropa ölkələrində belə təəssürat yaranıb ki, ABŞ artıq Ukrayna ilə yeraltı sərvətlərin işlənməsi barədə saziş imzalamaqla “öz məqsədinə çatıb” və vasitəçilik cəhdlərini dayandıra bilər. Xorvatiyanın “Advange” nəşrinin şərhçisinin fikrincə, bu razılaşma Ukrayna nizamlanmasına kömək edə bilər, çünki ABŞ-nin iştirakı “artıq özü bir zəmanətdir”, lakin eyni zamanda “yeni münaqişələr üçün gizli təhlükə daşıyır”.
Məlumata görə, Avropa Komissiyası Rusiyadan enerji daşıyıcılarının idxalının tamamilə dayandırılması məsələsini müzakirə edir. Lakin bu addım Şərqi Avropanın bir neçə ölkəsi üçün ciddi iqtisadi problemlər yarada bilər. Rusiyalı ekspertlər isə demək olar ki, əminliklə bildirirlər: “Avropa İttifaqı dağılma həddindədir”. Əgər Böyük Britaniya, Fransa və Almaniya “üçlük alyansı” yaradarsa, Avropa yeni münaqişələrin səhnəsinə çevrilə bilərmi?
Asif Cəfərov
Ordu.az