Hindistan-Pakistan toqquşması fonunda Qafqazda yeni geosiyasi balans - BAXIŞ BUCAĞI

2025/05/1746769161.jpg
Oxunub: 831     17:38     09 May 2025    
Hindistan və Pakistan arasında gərginliyin yenidən alovlanması yalnız Cənubi Asiya üçün deyil, daha geniş geosiyasi müstəvidə də mühüm əhəmiyyət daşıyır. Mayın 6-da Hindistan ordusunun Pakistan ərazisində apardığı əməliyyat və qarşılıqlı cavab zərbələri iki nüvə dövlətini bir daha toqquşma həddinə gətirdi. Bu, təkcə lokal münaqişə deyil, həm də regional və qlobal güclər arasındakı yeni konfiqurasiyaların fonunda baş verən prosesdir. Belə bir vəziyyətdə Qafqaz bölgəsi də geosiyasi rezonanslardan kənarda qala bilməz.

Azərbaycan və Pakistan son illərdə hərbi-siyasi müttəfiqliyini gücləndirən, bir-birinin strateji maraqlarını müdafiə edən iki ölkə kimi, bu münaqişənin mümkün genişlənməsi fonunda ortaq koordinasiyalarını dərinləşdirə bilərlər. Pakistan 2020-ci ildəki 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana açıq siyasi dəstək göstərən yeganə nüvə dövlətlərindən biri olub. Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyan İslamabad, Ermənistanla diplomatik münasibətlər qurmaqdan da imtina edir. Bu mövqe təkcə ikitərəfli əlaqələrin deyil, həm də Qafqazda formalaşmaqda olan yeni təhlükəsizlik arxitekturasının təməlini təşkil edir.

Pakistanın hərbi və diplomatik olaraq sıx təmasda olduğu digər iki aktor – Türkiyə və İsrail – bu vəziyyətdə fərqli mövqelərdə dururlar. Türkiyə ilə Pakistan arasındakı qardaşlıq münasibətləri artıq regional koalisiyaya çevrilmiş vəziyyətdədir. Ankara, Bakı və İslamabad arasında 2021-ci ildə imzalanmış “Üçtərəfli Bakı Bəyannaməsi” bu strateji xətti təsdiq edir. Bu ittifaq təkcə Ermənistanla bağlı məsələlərlə məhdudlaşmır, eyni zamanda enerji, təhlükəsizlik və logistik şəbəkələrin gələcəyi ilə də sıx bağlıdır.

Digər tərəfdən, İsrailin bu məsələdə Hindistanı dəstəkləməsi və Azərbaycanla sıx əməkdaşlıq içində olması bir sıra suallar doğursa da, Bakı bu vəziyyətdə balanslaşdırılmış, praqmatik və çoxvektorlu siyasət yürütməkdədir. İsraillə olan münasibətlər Bakının təhlükəsizlik və texnoloji inkişaf sahəsində qazandığı üstünlüklər baxımından əhəmiyyətlidir. Lakin Azərbaycanın əsas tərəfdaşlarından biri olan Pakistanın mövqeyi hər zaman xüsusi önəm daşıyır və Bakı bu müttəfiqliyə hərbi və ideoloji səviyyədə daim hörmətlə yanaşır.

Hindistanın Cənubi Qafqaza, xüsusilə Ermənistana yönəlik açıq hərbi-siyasi dəstəyi isə regional balans baxımından narahatedici tendensiyadır. Dehli təkcə silah satışı ilə kifayətlənmir, həm də Ermənistanla müxtəlif təhlükəsizlik formatlarında əməkdaşlıq edir. Bu, bir tərəfdən Hindistanın Qafqaza yönələn strateji maraqlarını göstərsə də, digər tərəfdən regionda yeni gərginlik ocaqlarının yaranmasına zəmin yaradır. Bu baxımdan, Hindistan-Pakistan qarşıdurmasının “siyasi bəzəkləri” artıq Cənubi Qafqaza da sıçraya bilər.

İran isə bu qarşıdurmada çətin vəziyyətdədir. Bir tərəfdən Hindistanla sıx iqtisadi əlaqələrə malik olan Tehran digər tərəfdən Pakistanla müsəlman həmrəyliyi və regiondaxili dinamikaları nəzərə alaraq açıq mövqe bildirməkdən çəkinir. Lakin Qafqazdakı proseslərdə Hindistanın fəallaşması Tehranın da maraqlarına uyğun deyil. İran uzun müddətdir ki, Hindistanın Ermənistandakı varlığından narahatdır və bu narahatlıq onun geosiyasi mövqeyinə təsir göstərir.

Bütün bu geosiyasi qovşaqların fonunda, Azərbaycan öz milli maraqlarını maksimum dərəcədə qorumağa, müttəfiqləri ilə əməkdaşlığı dərinləşdirməyə və regionda sülhün təminində lider rolunu gücləndirməyə davam edir. Pakistanla strateji tərəfdaşlıq, xüsusilə Hindistanın Ermənistanı silahlandırdığı bir zamanda, Bakı üçün həm əhəmiyyətli balanslaşdırıcı faktor, həm də regional güc mərkəzlərinin dəyişən strukturunda möhkəm dayağa çevrilir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan   Qafqaz  


Bizi "telegram"da izləyin