Raketlər, diplomatiya və strateji səhvlər: Hindistan-Pakistan qarşıdurması hara gedir?

2025/05/1746768997.jpg
Oxunub: 828     21:35     09 May 2025    
Son günlərdə Hindistanın Pakistan ərazisinə həyata keçirdiyi hərbi müdaxilələr və ötən gecə 9 bölgəyə təşkil olunan raket hücumlarında 26 mülki vətəndaşın həlak olması Cənubi Asiyada gərginliyi yenidən artırdı. Pakistanın suveren hüquqlarını pozan bu addıma qarşı ölkənin “qanuni müdafiə hüququ çərçivəsində” cavab verəcəyi ilə bağlı açıqlamaları və beynəlxalq aktorların məsələyə müdaxiləsi böhranın çoxşaxəli xarakter aldığını göstərir.

Bu prosesdə ən çox diqqət çəkən sual budur: Son 20 ilini ordusunu modernləşdirməyə sərf edən Pakistan ilə Hindistan arasında yaranan bu gərginlik nəzarətdən çıxıb böyükmiqyaslı müharibəyə çevriləcək, yoxsa beynəlxalq ictimaiyyət bu qarşıdurmanı sağlam bir böhran idarəçiliyi ilə nəzarət altına ala biləcək?

Pakistanın suverenlik pozuntusuna qarşı qanuni müdafiə hüququ

Pakistanın Baş naziri Şahbaz Şərifin “Hindistanın hücumlarına cavab vermək hüququmuz var” bəyanatı beynəlxalq hüquq çərçivəsində qanuni mövqe axtarışını ortaya qoyur. Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin 51-ci maddəsinə görə, bir dövlətə qarşı silahlı hücum olarsa, həmin dövlətin özünü müdafiə etməyə hüququ var.

Suveren hüquqları açıq şəkildə pozulan Pakistanın burada əsas vurğuladığı məqam Hindistanın mülki itkilərə səbəb olan hücumlarıdır. Pakistan ordusunun 5 Hindistan qırıcı təyyarəsini vurduğunu iddia etməsi onun hərbi imkanlarını göstərərkən, İslamabadın BMT-yə müraciəti və Türkiyə ilə diplomatik təmasları kimi addımlar böhran idarəçiliyində çoxşaxəli bir strategiyanın tətbiq edildiyini göstərir.

Buna baxmayaraq, Pakistanın cavab tədbirlərinin məhdud və mütənasib qalacağı gözlənilir. Çünki aşırı hərbi eskalasiya bölgə miqyasında müharibəyə çevrilə bilər. Halbuki ilk hücumu Hindistan etsə də, rəsmi açıqlamasında bu əməliyyatların “terror hədəflərinə qarşı məhdud hərbi tədbir” kimi həyata keçirildiyi vurğulanır. BMT Baş katibi Antonio Quterreşin də tərəflərə “maksimum təmkin” çağırışı etməsi bu riskin ciddi olduğunu göstərir.

Hindistanın əməliyyat uğursuzluğu: Strateji hesablamalar və reallıqlar

Hindistanın hücumları 2019-cu ildəki Balakot əməliyyatı ilə oxşar şəkildə “terror hədəfləri” ilə əsaslandırılsa da, mülki itkilər və Pakistanın iddia etdiyi qırıcı təyyarə uğurları bu əməliyyatın ciddi əməliyyat zəifliklərini açıq şəkildə ortaya qoyur.

Burada məqsəd seçimi və kəşfiyyat çatışmazlığı, raket hücumlarında uşaqların da daxil olduğu mülki vətəndaş itkiləri Hindistanın hədəf seçimində uğursuz olduğunu göstərir. Əgər Pakistanın 5 qırıcını vurması təsdiqlənərsə, bu Hindistan Hərbi Hava Qüvvələrinin əməliyyat risklərini düzgün qiymətləndirmədiyini ortaya qoyacaq.

Hindistan beynəlxalq aləmdə Pakistana “terrora dəstək verən dövlət” imici qazandırmaq strategiyasını davam etdirsə də, BMT və ABŞ-nin neytral çağırışları Yeni Dehlinin diplomatik təcrid yaratmaq cəhdlərinin uğursuz olduğunu göstərir. Bu vəziyyət Hindistanın daxili siyasətdə millətçi ritorikanı gücləndirmək məqsədilə xarici siyasətdə riskli addımlar atdığını, lakin bu addımların hərbi və diplomatik nəticələrinin lazımi qədər hesaba qatılmadığını düşündürür.

Qlobal diplomatiya fonunda böhran: Ticarət savaşları və yeni ittifaqlar

Böhranın baş verdiyi dövr beynəlxalq sistemdə mühüm iqtisadi və diplomatik dəyişikliklərin yaşandığı mərhələyə təsadüf edir. Gərginliyin artdığı bir vaxtda Hindistan və Böyük Britaniya arasında Azad Ticarət Sazişinin imzalanması, eləcə də böhran davam edərkən ABŞ və Çin tərəflərinin ikitərəfli münasibətləri canlandırmaq üçün addım atacaqlarını açıqlamaları bu hadisələrin mövcud vəziyyətlə əlaqələndirilməsinə səbəb olur.

Böhranın ticarət sazişinin imzalandığı gün baş verməsi Rusiya-Ukrayna müharibəsində Qərb dünyası içindəki çatların burada da təkrarlanması ehtimalını gündəmə gətirir. Belə ki, Hindistanın Hind çayları ilə bağlı İndus Suları Sazişini dayandırmasından bir həftə əvvəl Böyük Britaniyanın dəstəyi ilə “Yaşıl Pakistan” təşəbbüsünün həyata keçirilməsi bu zamanlamanın təsadüfi olmadığını göstərir.

Digər tərəfdən, ABŞ ilə Çin arasında Tayvan texnologiya savaşı və Rusiya-Ukrayna müharibəsi səbəbilə gərginliyin artdığı bir dövrdə Hindistan-Pakistan qarşıdurması ABŞ-nin Asiya-Sakit Okean bölgəsindəki balanslaşdırma strategiyasını daha da çətinləşdirə bilər. ABŞ prezidenti Donald Trampın “böhranın tez bir zamanda bitməsi” yönündə verdiyi açıqlama Vaşinqtonun bölgədə yeni bir qarşıdurma ilə məşğul olmaq istəmədiyini göstərir. Pakistanın hərbi məsələlərdə strateji tərəfdaşı olan Çin isə bu böhranda İslamabadı dəstəkləyərək Hindistanı nəzarət altında saxlamağa çalışa bilər. Bu isə ABŞ-Çin rəqabətinin Cənubi Asiyaya sirayət etməsi kimi qiymətləndirilə bilər.

Böhran idarəçiliyi, yoxsa nəzarətsiz eskalasiya?

Nəticə etibarilə, Hindistanın hücumları beynəlxalq ictimaiyyət tərəfindən həm hərbi, həm də diplomatik baxımdan riskli bir addım kimi qiymətləndirilir. Pakistanın qanuni müdafiə hüququndan istifadə etməsi qaçınılmaz görünür, lakin tərəflərin təmkinli davranmaması halında böhranın regional müharibəyə çevriləcəyi ehtimal olunur. Şübhəsiz ki, bu iki ölkənin uzun birgə sərhədi və əhalisinin çoxluğu (Pakistan – 247 milyon, Hindistan – 1,4 milyard) nəzərə alınarsa, Hindistan və Pakistan arasında baş verə biləcək bir müharibə bəşər tarixində ən böyük səfərbərliklərdən və dövlətlərarası qarşıdurmalardan biri ola bilər.

Qlobal aktorların məsələyə müdaxilə etməsi böhranın daha da dərinləşməsinin qarşısını ala bilər. Lakin Hindistan-Böyük Britaniya ticarət danışıqları və ABŞ-Çin rəqabəti kimi dəyişən geosiyasi dinamiklər qarşıdurmanın arxa planındakı strateji hesablamaları daha da mürəkkəbləşdirir. Bu baxımdan, tərəflərin beynəlxalq hüquq çərçivəsində dialoqa qayıtması ümid edilir. Əks təqdirdə, Cənubi Asiya yeni bir qlobal təhlükəsizlik böhranının fitilini yandıra bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin