Berlinin yeni xətti: Tramp dövründə “tarazlıq siyasəti” mümkündür?

2025/05/1746597902.jpg
Oxunub: 542     14:34     07 May 2025    
Almaniyada müxalifətdə olan AfD (Almaniya üçün Alternativ) Partiyasının Konstitusiyanı Mühafizə İdarəsi tərəfindən “mütləq sağçı radikal” (gesichert rechtsextremistisch) kimi tanındığı bir vaxtda, CDU (Xristian Demokrat İttifaqı) lideri Fridrix Mersin kansler postunu icra edəcəyi yeni koalisiya hökuməti fəaliyyətə başladı.

Mersin koalisiya tərəfdaşları isə CDU-nun Bavariyadakı qolu olan CSU (Xristian Sosial İttifaqı) və əvvəlki hökumətdə böyük ortaqlıq etmiş SPD (Almaniya Sosial Demokrat Partiyası) partiyasıdır. Koalisiya danışıqları başa çatıb və keçirilən səsvermədə yeni “böyük koalisiyanın” (große Koalition) Bundestaqda etimad səsi alacağı şübhəsiz idi.

CDU/CSU və SPD kimi Almaniyanın ən köklü iki partiyası arasındakı koalisiyalara “böyük koalisiya” deyilsə də, SPD-nin son illərdə yaşadığı səs itkisi bu ifadənin aktuallığını mübahisəli edir. Belə ki, ifrat sağçı və xarici düşməni olan AfD son parlament seçkilərində 20,8% səslə Almaniyanın ikinci ən böyük partiyası olub. Fevralda keçirilən seçkilərdə cəmi 16,4% səs toplayan SPD isə hökumətə yalnız kiçik ortaqlıqla qatıla bildi.

ABŞ-nin Almaniya daxili siyasətinə müdaxiləsi

Ölkənin ikinci böyük partiyası və əsas müxalifət mövqeyinə yüksəlmiş AfD-nin “mütləq sağçı radikal” elan olunması, onun bağlanmasına yönəlmiş yeni bir prosesin başlaya biləcəyinə işarə etdiyi halda, ABŞ-nin bu qərara sərt reaksiya verməsi Berlinin qarşılaşacağı ən ciddi xarici siyasət problemlərindən birini ortaya qoyur.

Alman hökumətinin müxalifəti nəzarət altına almaq və təzyiq etmək üçün kəşfiyyat orqanına yeni səlahiyyətlər verməsini ABŞ Dövlət Katibi Marko Rubio “demokratiya yox, zorakılıq (Tyrannei)” adlandıraraq kəskin tənqid etdi və Almaniyanın bu siyasətdən əl çəkməsini istədi. ABŞ vitse-prezidenti Vens və müşavir Mask da Almaniyanın bu siyasətini tənqid edərək AfD-yə dəstək verdilər.

Xüsusilə seçki prosesində Vens və Maskın AfD-ni dəstəkləyən bəyanat və fəaliyyətləri Almaniyanın daxili siyasətinə birbaşa müdaxilə kimi qiymətləndirildi və bu, Berlində ciddi narahatlıq və narazılıq yaratdı. ABŞ administrasiyasının iqtisadi siyasətləri Almaniyanı və Avropa İttifaqını (Aİ) çətin vəziyyətə salmaqda ittiham olunur. Vaşinqtonun birbaşa Avropa siyasətinə müdaxilə etməsi və ifrat sağçı partiyalara dəstək verməsi Tramp dönəminin avropalılar üçün çətin keçəcəyinə işarə edir. Rubionun AfD ilə bağlı son bəyanatları isə Vaşinqtonun müdaxiləsinin davam edəcəyini göstərir.

Yeni hökumətin siyasəti: “Tarazlıq”

Bu müdaxilələr qarşısında yeni Alman hökumətinin necə bir xətt izləyəcəyinə baxdıqda, koalisiyanın böyük ortağı olan Xristian Demokratların müəyyənedici rol oynayacağını görürük. Yeni hökumətdə həm kansler, həm də xarici işlər naziri CDU-dan olacaq. Bu, uzun fasilədən sonra xarici siyasətdə çoxbaşlılığın aradan qalxması anlamına gəlir. 1966-cı ildən bəri formalaşan koalisiya hökumətlərində Xarici İşlər Nazirliyi həmişə kiçik tərəfdaş partiyaya həvalə olunmuşdu ki, bu da vahid siyasət yürütməyə əngəl törədirdi.

Son hökumətdə Yaşıllar Partiyasından olan Annalena Berbok ilə kansler Olaf Şoltz arasında xüsusilə Rusiya siyasəti ilə bağlı ciddi fikir ayrılıqları vardı. İndi isə eyni partiyadan olan yeni kansler Mers və xarici işlər naziri Yohann Vadephulun birlikdə və uyumlu çalışması çətin dönəmlərdə Almaniya üçün üstünlük ola bilər.

Yeni hökumətin Vaşinqtondan əsən sərt küləklərə qarşı siyasətini ən yaxşı ifadə edən söz “tarazlıq” olacaq. Xristian Demokratların idarəçiliyindəki Almaniya özünü bu təzyiqlərə qarşı müdafiəsiz buraxmaq istəməyəcək. ABŞ ilə dialoq və uzlaşma kanallarını açıq saxlamağa çalışacaq, eyni zamanda Aİ və Böyük Britaniya ilə birlikdə iqtisadi və təhlükəsizlik maraqlarını qorumağa çalışacaq.

Əlavə olaraq, iqtisadiyyat və müdafiə xərclərinə ayıracağı əlavə resurslarla Almaniyanın gücünü və dözümlülüyünü sürətlə artırmaq istəyən Berlin bir tərəfdən də artıq ABŞ-dəkı populist Tramp iqtidarının təbii müttəfiqinə çevrilən AfD-yə təzyiqi artıraraq Vaşinqtonun Alman siyasətinə nüfuz imkanlarını məhdudlaşdırmağa çalışacaq.

Lakin ABŞ-nin alışılmadıq dərəcədə birbaşa müdaxilələri yeni hökumət dövründə Almaniya-ABŞ münasibətlərini ən çox çətinləşdirən faktor olacaq. ABŞ-yə 163 milyard dollarlıq ixrac həyata keçirən Almaniya üçün Amerika bazarı son dərəcə önəmlidir.

Bundan əlavə, hazırda təhlükəsizlik baxımından ABŞ-nin dəstəyinə ehtiyac duyduğu üçün Berlinin Vaşinqtondan gələn siyasi təzyiqlərə sərt cavab vermək imkanları da məhduddur. Bu da Trampın “dünyanı istədikləri kimi dizayn etmə” həvəsindəki populist komandasını daha da cəsarətləndirir.

Berlin Moskva qarşısında geri çəkiləcək?

Mers-Vadephul tandemi Rusiya siyasətində keçmiş kansler Şoltzdan daha sərt, amma Berbokdan daha ehtiyatlı bir xətt izləyəcəkləri təəssüratını yaradır.

Rusiya-Ukrayna müharibəsi nəticəsində Moskva ilə qarşıdurma Almaniya iqtisadiyyatına ciddi ziyan vurub və ölkəni təhlükəsizlik böhranına sürükləyib. Amma indiki mərhələdə Berlinin Rusiya qarşısında geri addım atması başqa təhlükəsizlik riskləri doğura bilər, buna görə də bu cür addım hələ ki, ehtimal olunmur. Almaniya bu səbəbdən Böyük Britaniya və Fransa ilə birlikdə Rusiya üzərində təzyiq siyasətini davam etdirməyə çalışır.

Lakin Trampın yenidən prezident olması ilə ABŞ-nin avropalılarla Rusiya məsələsində koordinasiyalı hərəkəti dayandırması Almaniyanı və digər Avropa ölkələrini zəiflətdi. Bununla belə, Rusiya-Ukrayna müharibəsini gözlənildiyi kimi tez həll edə bilməyən Tramp administrasiyasının Rusiyaya qarşı siyasətini sərtləşdirmək ehtimalı Almaniya üçün bir çıxış yolu ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   ABŞ   Tramp  


Bizi "telegram"da izləyin